İtaliyanın “İnter” klubunun və Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder baş məşqçi Joze Mourinyonun 2010-cu ildə Çempionlar Liqasının finalında hücumçu Mario Balotellini necə “cəzalandırdığını” danışıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, 2009/2010 mövsümünün həlledici qarşılaşmasında “İnter” Almaniyanın “Bavariya” klubunu 2:0 hesabı ilə məğlub edib.
Sneyder həmin mövsümdə baş verən maraqlı hadisəni xatırlayıb:
“2009/2010 mövsümü idi. Mövsümün başa çatmasına dörd həftə qalmışdı və biz bütün kubokları qazanmağa çox yaxın idik. Bir gün Mario Balotelli məşqi yarımçıq qoyub getdi. Mən onun arxasınca qaçaraq dedim ki, Mario, indi hər şeyi korlama. Bu klubda cəmi dörd həftə də qal və bütün titulları qazanacaqsan.
O isə xeyr, mən gedirəm dedi. Bu zaman Joze gəldi. Mən ona dedim ki, Mario getdi, Mino Rayola artıq onu aparıb. Mourinyo isə belə cavab verdi: "Getdi? Onda onun ciddi problemləri olacaq. Çünki biz hər üç kuboku qazanacağıq və mən onu Çempionlar Liqasının finalında cəzalandıracağam. Özün görəcəksən".
Joze dedi ki, bunun üçün xüsusi planı var. O, Balotellini ikinci hissənin böyük bölümündə isinmə hərəkətləri etməyə məcbur edəcək, lakin son dəqiqədə meydana onun əvəzinə Materatsini buraxacaqdı.
Mourinyo bu planını finaldan əvvəl Materatsiyə də danışmışdı. Və həqiqətən də, qarşılaşmanın 92-ci dəqiqəsində dediyini etdi”.