Cənubi Koreyalı alimlərin hazırladığı süni intellekt modeli torlu qişanın görüntüləri əsasında insanın yaşını təxminən 2,5–2,7 illik xəta payı ilə müəyyənləşdirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “GeroScience” jurnalında dərc olunan araşdırmada modelin hazırlanması üçün 7 535 nəfərdən əldə edilmiş 29 530 torlu qişa görüntüsündən istifadə olunub. Sistem daha sonra 7 416 fərqli şəxsə aid görüntülərlə sınaqdan keçirilib.
Tədqiqatçılar müəyyən ediblər ki, modelin hesabladığı yaşla şəxsin həqiqi yaşı arasındakı fərq bəzi sağlamlıq problemləri və həyat tərzi amilləri ilə əlaqəlidir. Şəkərli diabeti olan şəxslərdə torlu qişanın yaşının həqiqi yaşdan orta hesabla 2,52 il çox olduğu müəyyənləşdirilib. Hazırda siqaret çəkən şəxslərdə isə bu fərq 0,50 il təşkil edib. Makula degenerasiyası və katarakt da torlu qişanın yaş fərqinin daha yüksək olması ilə əlaqələndirilib.
Alimlər vurğulayıblar ki, əldə olunan nəticələr bu xəstəliklərin torlu qişanın qocalmasına birbaşa səbəb olduğunu göstərmir. Xüsusilə kataraktın görüntü keyfiyyətinə təsir göstərərək nəticələri dəyişdirmiş ola biləcəyi qeyd edilib.
Tədqiqatçıların fikrincə, bu üsul gələcəkdə qocalma prosesinin və sağlamlıq risklərinin qiymətləndirilməsində sürətli və müdaxiləsiz vasitə kimi istifadə oluna bilər. Bununla belə, metodun hələ insanın “bioloji yaşını” dəqiq müəyyənləşdirən müayinə olmadığı və etibarlılığını təsdiqləmək üçün daha uzunmüddətli araşdırmalara ehtiyac duyulduğu bildirilib.