ABŞ Rusiyanı Yeni START Müqaviləsinin öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vaşinqton-Moskva xəttindəki gərginlik bir çox sahələrdə özünü göstərir. İkitərəfli münasibətlərin bu dəfəki gündəmi Strateji Silahların Azaldılmasına dair Yeni Müqavilədir.
Yeni START adlanan müqavilə iki ölkə arasında qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Birləşmiş Ştatlar Rusiyanı müqavilə əsasında öz ərazisində yoxlama fəaliyyətinə icazə verməməkdə ittiham edir. Bildirilib ki, Rusiyanın öz ərazisində fəaliyyətinə nəzarətdən imtina etməsi nüvə silahlarına nəzarətin həyat qabiliyyətini təhdid edir.
Mövzu ilə bağlı açıqlama verən ABŞ Dövlət Departamenti Rusiyanın rəftarının yaratdığı problemlərə diqqət çəkib. Bu vəziyyətin Vaşinqtonun müqavilədən irəli gələn hüquqlarını həyata keçirməsinə mane olduğu vurğulanıb.
Həmçinin bildirilib ki, Moskva ikitərəfli Məşvərət Komissiyasının iclasında iştirak etmək öhdəliyini yerinə yetirməyib.
Bu müqavilə, ABŞ-ın 1991-ci ildə Sovet İttifaqı və 1993-cü ildə Rusiya Federasiyası ilə imzaladığı START 1 və START 2-nin davamıdır. 2010-cu ildə imzalanmış yeni START müqaviləsi Rusiya və ABŞ-ın yerləşdirdiyi strateji nüvə başlıqlarının sayını 1550-yə qədər məhdudlaşdırır.
Yeni START Vaşinqton və Moskva arasında qüvvədə olan sonuncu nüvə müqaviləsidir. Müqavilə 5 fevral 2021-ci ildə 5 il müddətinə uzadılıb.
Manşet.az