AFAD Zəlzələ Riski və Azaldılması Baş direktoru Orhan Tatar və zəlzələ mütəxəssisləri Kahramanmaraşda 10 vilayətdə baş verən iki zəlzələ ilə bağlı açıqlamalar veriblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tatar açıqlamasında bunları deyib:
“Biz bunun 110 min kvadrat kilometr əraziyə birbaşa təsir etdiyini görürük. Hiss olunduğu əraziyə baxdığınız zaman bu zəlzələ bütün ölkəmizdə hiss edildiyi kimi bu coğrafiyanın bütün ölkələrində hiss olunub və qeydə alınıb. Təbii ki, bu zəlzələnin əmələ gəlmə mexanizminə nəzər saldıqda onun çox fərqli əmələ gəlmə mexanizminə malik olduğunu və birincisi 7,7, digəri isə 7,6 bal gücündə olan iki böyük zəlzələnin çox qısa müddətdə baş verdiyini görürük. Yenə bilirik ki, xüsusilə bu zəlzələlərdən sonra çox qısa müddətdə 6,6 bal gücündə 2 ayrı zəlzələ olub. Təbii ki, bu zəlzələlərin əmələ gəlmə mexanizmlərini və onların bizim üçün nə demək olduğunu yaxın günlərdə anlayacağıq. Amma bu bir həqiqətdir ki, bu zəlzələ dünyanın quru mühitində baş verən ən böyük zəlzələlərdən biridir. Yenə bu zəlzələ ölkəmizin ən əhəmiyyətli aktiv qırılma zonalarından biri kimi bildiyimiz Şərqi Anadolu qırılma zonalarının müxtəlif qollarında meydana gələn zəlzələdir.
Bu zəlzələdən sonra Şərqi Anadolu qırılma zonasının müxtəlif qırılma qollarında yer qabığının təxminən 8-10 kilometr dərinlikdə təxminən 400 kilometrlik bir xətt boyunca 3-4 metr deformasiyaya uğradığını görürük. Bu sahədə çalışan çoxlu dostlarımız, çoxlu ekspert və akademiklərimiz var. Dünəndən etibarən sahədən bəzi məlumatlar gəlməyə başlayıb. Baxanda görürük ki, magistral və dəmir yolları 3-4 metrə qədər deformasiyaya uğrayıb. Bu, həqiqətən də böyük zəlzələdir”.
Manşet.az