Mayın 6-da Kanadanın qərbindəki Alberta əyalətində başlayan və daha sonra Britaniya Kolumbiyası bölgəsinə yayılan meşə yanğınları nəticəsində yüksələn tüstü ABŞ-a çatıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Milli Okean və Atmosfer Administrasiyası (NOAA) Twitter-də paylaşım edib:
"Kanadada meşə yanğınları mövsümü qeyri-adi aktiv başladı".
NOAA-nın Kanadadakı yanğınlarla bağlı paylaşdığı görüntülərdə Albertadakı meşə yanğınlarından çıxan tüstünün Kanadanın şərqinə doğru irəliləyərək ABŞ-Kanada sərhədinə çatdığı görünür.
ABŞ Milli Meteoroloji Xidməti bildirib ki, "Atmosferin yuxarı qatında dayanmış Kanada meşə yanğınlarından çıxan tüstü" Vaşinqtonda havanın alatoranlığa bənzəməsinə səbəb olur.
Səlahiyyətlilər, Kanadanın Alberta əyalətindəki meşə yanğınlarından 23-nün nəzarətdən çıxdığını və yanğınların 75 nöqtədə davam etdiyini bildirib.
Rəsmilər qeyd edib ki, 300 əsgər yanğınsöndürənlərə dəstək olmaq üçün havadan və qurudan yanğınların qarşısını almağa kömək edəcək.
Yanğınların 6000-dən çox şagirdə təsir etdiyi üçün 28 məktəbdə təhsil dayandırılıb.
Manşet.az