Yaponiyada diqqətlər 19-21 may tarixlərində ölkənin cənub-qərbində, Xirosimada müddətli sədrlik dövründə keçiriləcək G7 Zirvəsinə cəmlənib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiyanın baş naziri Kişida Fumio G7 Zirvə toplantısında nüvəsiz dünyanı təşviq etmək əzmlərini nümayiş etdirəcəklərini bildirib.
G-7-nin nüvə silahı olmayan bir dünya üçün güclü mesaj verəcəyini ifadə edən Kişida, bu istiqamətdə daha konkret səylərlə irəliləyəcəklərini deyib.
" Bütün nüvə tərksilah səyləri üçün başlanğıc nöqtəsi olaraq, nüvə hücumu reallığını ictimailəşdirmək vacibdir”.
Çinin Sakit okeandakı təsirini və Rusiyanın Ukraynaya hücumunu xatırladan Kişida bildirib ki, G7 status-kvonu zorla dəyişdirmək cəhdlərinə qarşı sərt mesaj verəcək.
O qeyd edib ki, enerji və ərzaq təhlükəsizliyindən tutmuş iqlim dəyişikliyinə qədər bir çox məsələlərin müzakirə olunacağı sammitdə bütün dünyanın əməkdaşlığı vurğulanmalıdır.
Yaponiyanın baş naziri mayın 19-da 1945-ci ildə atom bombası nəticəsində həlak olanların xatirəsini yad etmək üçün salınan Sülh Memorial Parkında qonaq liderləri qarşılayacağını açıqlayıb.
Qeyd edək ki, 2023-cü il G-7 Liderlər Zirvəsi ölkənin cənub-qərb hissəsində, Xirosimada baş nazir Kişida Fumionun ev sahibliyi ilə 19-21 may tarixlərində keçiriləcək.
Sammitə G7 ölkələrindən başqa, Avstraliya, Braziliya, Hindistan, İndoneziya, Cənubi Koreya və Vyetnam da qonaq qismində dəvət olunub.
Manşet.az