Ağ Ev iddia edib ki, Rusiya və İran arasında müdafiə sahəsində əməkdaşlıq artıb və “İran Rusiyanın ən böyük hərbi dəstəkçisi olmaqda davam edir”.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, İran Rusiyaya kamikadze pilotsuz uçuş aparatları (PUA) verməyə davam edir.
Kirbi avqust ayından bəri İranın Rusiyaya əsasən “Şahid” tipli 400-dən çox PUA tədarük etdiyini ifadə edərək, Moskvanın bu PUA-ların əksəriyyətini Ukraynanın kritik infrastrukturlarını hədəf almaq üçün istifadə etdiyini iddia edib.
Kirbinin iddialarına əsasən, əgər İran bu“Yaxın Şərqdə ABŞ personalını hədəf almaq üçün istifadə olunan”, əlavə və daha təkmil PUA-ları Moskvaya satmağa davam edərsə, Rusiya onlardan Ukraynaya hücum etmək üçün istifadə etməyə davam edəcək.
Rusiyanın İrana raket, elektronika və hava hücumundan müdafiə dəstəyi verdiyini deyən Kirbi Tehranın Moskvadan milyardlarla dollar dəyərində hərbi texnika dəstəyi almaq istədiyini qeyd edib.
O, Rusiya ilə İranın ortaqlığının Ukrayna ilə yanaşı Yaxın Şərqdə sabitliyi pozduğunu iddia edib.
Önümüzdəki günlərdə Rusiya ilə İran arasında artan hərbi ticarətdə iştirak edənlərə istiqamətli addımlar atacaqlarını qeyd edən Kirbi, İranın PUA proqramının yaratdığı riskləri daha yaxşı anlamaq üçün hökumət və qurumların da müxtəlif addımlar atacağını bildirib.
Manşet.az