ABŞ-da qocalar evində yaşayan Doroti Fideli adlı qadın arzuladığı toyu 77 yaşında edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nənənin gəlinlik paltarında görüntüləri ABŞ televiziyasında yayımlanaraq sosial mediada gündəm olub.
ABŞ-ın Ohayo ştatında qocalar evində yaşayan üç uşaq anası olan qadın 1965-ci ildə sadə toy mərasimi ilə evlənsə də, onun bədbəxt evliliyi 9 ildən sonra bitib.
Kişilərə tövbə etdiyini və 40 ilə yaxın ömrünü tək keçirdiyini deyən qadının ən böyük arzusu gözəl toy mərasimi olub.
"Mən 40 ildir özümlə olmuşam, bir gün kilsədə olarkən hiss etdim ki, özüm üçün xüsusi bir şey etməliyəm" – deyən Doroti özü ilə evlənmək və tək toy etmək qərarına gəlib.
O, toy planını qızına danışıb. Qızı dərhal hazırlıqlara başlayıb. Toy meydançası, yeməklər, anasının geyinəcəyi gəlinlik qısa müddətdə hazırlanıb.
Toy günündə digər gəlinlər kimi həyəcanlı olduğunu açıqlayan 77 yaşlı qadın “Bu mənim üçün duyğulu bir an idi, çünki illərdir arzuladığım bir şey idi. Gəlinlikdə bu qədər gözəl görünəcəyimi düşünməzdim” – deyib.
77 yaşlı qadın hələ nikah masasına oturmamış və ya arzuladıqları toyu görməmiş qadınlara da tövsiyə edib:
“Sevgi dünyada ən vacib şeydir. O, dünyanı gül bağçasına çevirə bilər. Amma taleyində sevgi yoxdursa, o zaman səni xoşbəxt edəcək başqa şeylər də var. Mən indi həyatımın mənim haqqımda olduğu hissəsindəyəm. Uşaqlarım böyüdü, nəvələrim var. Beləliklə, indi istədiyimi etmək növbəsi mənimdir”.
Manşet.az