Hilmand çayındakı su problemi ilə bağlı sərt açıqlamalar verən İran prezidenti İbrahim Rəisiyə Taliban rəhbərliyi reaksiya verib və İranın bu mövqeyinin ikitərəfli əlaqələrə zərər verə biləcəyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Talibanın sözçüsü Zabihullah Mücahid şəxsi Twitter hesabında mövzu ilə bağlı açıqlama verib.
Mücahid Əfqanıstan və İran arasında 1973-cü ildə imzalanmış və o dövrdə Hhilmand çayında su problemini həll edən sazişə və sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə sadiq olduqlarını bildirib.
Əfqanıstanda son vaxtlar baş verən şiddətli quraqlıq səbəbindən Hhilmand çayında suyun səviyyəsinin xeyli aşağı düşdüyünü və çayda kifayət qədər suyun olmadığını vurğulayan Mücahid, kifayət qədər su olduğu halda müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilə biləcəyini qeyd edib.
Əfqanıstanın İran sərhədində yerləşən Nimruz vilayətindəki Kamal Xan bəndində belə suyun olmadığını vurğulayan Mücahid, "Kəcəki bəndindəki su buraxılsa, oraya (Kamal Xan bəndi) çatmaz. Buna görə də, İran tərəfi bu faktları dərk etməlidir. Belə bir vəziyyətdə İranın dəfələrlə su tələb etməsini və mediada yersiz açıqlamalar verməsini zərərli hesab edirik. Əgər faktlarla düzgün rəftar edilməsə və bu cür bəyanatlar verilsə, iki ölkə arasında siyasi ab-hava pozula bilər. Bu, heç bir tərəfin xeyrinə deyil və təkrarlanmamalıdır” – vurğulayıb.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, "Mütəxəssislərimiz su qıtlığını təsdiq edərsə, deyəcək bir şeyimiz yoxdur, əks halda xalqımızın hüquqlarının tapdalanmasına icazə verməyəcəyik. Əfqanıstandakı hökmdarlara xəbərdarlıq edirəm ki, İrana dərhal su haqqı versinlər" - demişdi.
Manşet.az