Almaniyada koalisiya hökumətini quran Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası (Grüne) və Azad Demokrat Partiyası (FDP) ikili vətəndaşlığı asanlaşdıran qanun dəyişikliyi ilə bağlı razılığa gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi ilə hökumət vətəndaşlığa qəbul prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirməyi və bununla da mühacirlərin ölkəyə inteqrasiyasını asanlaşdırmağı hədəfləyir.
49 səhifəlik qanun layihəsinə görə, uzun illər Almaniyada yaşayan immiqrantlar daha tez vətəndaş ola biləcəklər.
Almaniyada vətəndaşlığa qəbul üçün mövcud 8 illik tələb 5 ilə endiriləcək.
67 yaşdan yuxarı olanlar üçün vətəndaşlığa qəbul üçün ilkin şərt olaraq yazılı imtahan əvəzinə müsahibə kifayətdir.
Almaniyada yaşayan və 5 il qanuni işləmiş əcnəbinin övladı da daha tez Almaniya vətəndaşı ola biləcək.
Qanun layihəsi Nazirlər Şurası tərəfindən qüvvəyə mindikdən sonra yayda Bundestaqın müzakirəsinə çıxarılaraq qanuna çevrilməsi gözlənilir.
Manşet.az