"Qalatasaray" klubu Viktor Osimhenin transferi ilə bağlı ulduz futbolçunun qərarını gözləyərkən yeni və diqqətçəkən bir inkişaf yaşanıb.
Manset.az İtaliya mətbuatına istinadən xəbər verir ki, nigeriyalı hücumçuya təqdim edilən astronomik təklifin detalları açıqlanıb.
Transfer çalışmalarını davam etdirən İstanbul təmsilçisinin əsas gündəm mövzularından biri Osimhenin mümkün keçididir. Sarı-qırmızılı forma ilə göstərdiyi performansla azarkeşlərin rəğbətini qazanan 25 yaşlı futbolçu üçün transfer yarışı sürətlənməkdədir.
Avropa nəhəngləri ilə yanaşı, Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu da Osimhenin transferi üçün ciddi səylər göstərir. Məhz bu mərhələdə İtaliya mətbuatının yaydığı məlumata görə, Səudiyyə təmsilçisi hücumçu üçün rekord təklif irəli sürüb.
"Galatasaray Sportif A.Ş."nin direktor müavini Abdullah Kavukçu məsələ ilə bağlı açıqlamasında deyib:
“Qalatasaray artıq dünya səviyyəli rəqibləri ilə rəqabət aparır. Bu mərhələdə Osimhen üçün masadayıq. Avropa klublarından daha yüksək təkliflər vermişik və "Napoli" ilə də görüş keçirmişik. İndi qərar futbolçuya məxsusdur. Ərəb klubları dövlət dəstəyi ilə fərqli bir mövqedədir. Biz isə dünya miqyasında rəqabət aparacaq bir heyət qurmaq üçün fasiləsiz çalışırıq.”
İtaliyanın "Corriere dello Sport" nəşrinin yaydığı xəbərə görə, "Əl Hilal" baş məşqçi Simone İnzaqinin istəyi ilə Osimheni transfer etməkdə israrlıdır. Klub futbolçuya illik 40 milyon avro maaşla 3+1 illik müqavilə təklif edib.
Bundan əlavə, Səudiyyə təmsilçisi "Napoli"yə transfer haqqı olaraq 75 milyon avro ödəməyə hazırdır. Əgər Osimhen bu təklifi qəbul edərsə, 4 illik müqavilə müddətində ümumilikdə 160 milyon avro qazanacaq və dünyanın ən çox maaş alan futbolçularından birinə çevriləcək.
Qeyd edək ki, "Əl Hilal" daha əvvəl, iyun ayının əvvəlində, Klublararası Dünya Çempionatına qədər transferi reallaşdırmaq üçün Osimhenə təklif göndərmişdi. Lakin hücumçu həmin vaxt təklifi qəbul etməmişdi.