"Qarabağ"ın qış təlim-məşq toplanışının detalları və fasilə ərəfəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
Manset.az xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq prosesinin ikinci mərhələsini yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində reallaşdıracaq.
Toplanışda "köhlən atlar" ilk olaraq yoxlama oyununda, yanvarın 12-də Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə üz-üzə gələcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti sınağı Polşanın "Zaqlebie Lubin" kollektivinə qarşı olacaq.
Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 18:00 və 19:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın "Ayntraxt" klubu ilə qarşılaşacaq.