Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sadəddin Saranın içində olduğu avtomobil qəzaya düşüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında baş verib. Ataşəhərdə qeydə alınan qəza nəticəsində Sadəddin Saranın bədənində yüngül əzilmələr yaranıb, sürücü isə xəsarət alıb.
Qəzadan sonra klub prezidentinin vəziyyətinin yaxşı olduğu bildirilib.
“Fənərbağça” İdman Klubunun rəsmi “X” hesabında yayımlanan açıqlamada isə qeyd olunub:
“Prezidentimiz Sadəddin Saran bu gün klubumuza gələrkən yol-nəqliyyat hadisəsi keçirib. Prezidentimizin avtomobil sürücüsünün və qəza zamanı digər nəqliyyat vasitəsində olan şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin yaxşı olduğu, hər hansı ciddi xəsarətin qeydə alınmadığı barədə məlumat əldə olunub. Prezidentimiz hazırda klubdadır və proqramını planlaşdırıldığı şəkildə davam etdirir”.