İndiyədək ölkəmizdə keçirilən prezident seçkiləri Azərbaycandakı demokratiyanın aynası rolunu oynayıb. Ölkəmizin seçki təcrübəsi də çox unikaldır. Azərbaycan xalqı növbəti dəfə də inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verərək kamil, müdrik bir xalq olduğunu bir daha göstərdi. Seçki günü vətəndaşlarımızın fəallığı 2020-ci ilin 27 sentyabr tarixini xatırlatdı. Həmin vaxt xalqımız yaşından asılı olmayaraq, dəstə-dəstə hərbi komissarlıqlara necə üz tuturdularsa, seçki məntəqələrinə də o cür istəklə, həvəslə gedirdilər. Budur Azərbaycan xalqının uğurlarının, qələbələrinin, misilsiz nailiyyətlərinin sirri – birlik və həmrəylik! Seçkilərin nəticələri göstərir ki, vətəndaşlarımız öz xoşbəxt gələcəyini, firavan həyatını, dövlətimizin daha da inkişafını, eləcə də dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin möhkəmlənməsini cənab İlham Heydər oğlu Əliyevin ölkəyə rəhbərliyinin davamında görürlər. Xalqımız bu qənaətə, təbii ki, ölkəmizin son 20 ildə qazandığı uğurları, Ulu Öndər Heydər Əliyev siyasi kursunun effektiv nəticələrini görərək gəlib.
7 fevral 2024-cü ilin prezident seçkiləri Azərbaycan tarixinə Zəfər seçkisi kimi daxil olmuşdur. Xalqımızı 2020-ci ildəki 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayındakı bir günlük lokal xarakterli antiterror tədbirlərində qazandığı tarixi Zəfəri böyük birlik və mütəşəkkillik şəraitində başa çatdırdığı 7 fevral prezident seçkiləri ilə qəti şəkildə möhkəmləndirmişdir. Bu həm də, xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə olan təşəkkür borcunun yerinə yetirilməsi kimi də qəbul olunmalıdır.
XXI əsrin dünya liderləri arasında xüsusi yeri və mövqeyi olan, öz xalqına tarixi zəfərlər qazandırmış cənab İlham Əliyevin 2024-cü il fevralın 7-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə müstəqil dövlətimiz Zəfərlərə doğru yeni və etibarlı təminat almışdır. Bu mənada xalqımız və ölkəmiz 7 fevral 2024-cü ilin prezident seçkiləri ilə müstəqillik tariximizin indiyə qədərki möhtəşəm tarixi inkişaf yoluna yekun vurmuş və daha böyük inkişafın geniş üfüqlərini nümayiş etdirən yeni dövrə qədəm qoymuşdur. Azərbaycan Respublikasına uğurla rəhbərlik edən, ölkəmizi və xalqımızı yeni tarixi inkişaf mərhələsinə çatdırmış, 7 fevral seçkilərində qazandığı möhtəşəm qələbə ilə tariximizə silinməz izlər salmış, 20 illik inkişafın möhtəşəm hesabatını təqdim edən cənab İlham Əliyev həm də daha böyük gələcəyə təminat verə bilən lider olduğunu da təsdiqləmişdir.
7 fevral 2024-cü il seçkilərində qazanılmış tarixi qələbə Ali Baş Komandan cənab İlham Əliyevin daha böyük gələcəyə çağırışlarını ifadə edən manifestidir. Bu, müstəqil dövlətçilik manifestinin ideya müəllifi uzaqgörən dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev, baş qəhrəmanı isə müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Bütün bunlara görə 7 fevral 2024-cü il prezident seçkiləri müstəqillik tariximizin möhtəşəm yekunu, yeni tarixi dönəmin başlanğıcıdır. Dünyanın gözü qarşısında 7 fevral seçkilərində mühüm tarixi qələbə qazanmış Azərbaycan xalqı böyük qürur hissi ilə cənab İlham Əliyevə səs verməklə özünün yeni zəfərlər vəd edən daha böyük gələcəyinə səs verdi.
Vətən müharibəsindən sonra keçirilən ilk seçkidə-Zəfər seçkisində iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 200 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisə oldu. Prezident seçkiləri bir sıra məqamları və əhəmiyyəti ilə şanlı tariximizə yazıldı. Xalqımız 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirdi və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkün bacı və qardaşlarımız öz yurdlarında seçici kimi səsverməyə qatıldılar. İllərdən sonra Ağdərədə, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda, Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocavənddə, Xocalıda, Xankəndidə – yəni Qarabağ və Şərqi Zəngəzurda Zəfər seçkilərinin qüruru yaşandı. Bununla da biz ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsdiq edərək bütün dünyaya nümayiş etdirdik. Odur ki, bu seçkilər Zəfər seçkisi olaraq tariximizdə əbədi qalacaq.
Qalib xalqımız əzmkar iradə nümayiş etdirərək Qalib Lider cənab İlham Əliyevə səs verməsinin səbəblərinə gəldikdə isə qeyd etməliyik ki, cənab İlham Əliyev Azərbaycan tarixində böyük iz qoyan şəxsiyyət, eyni zamanda son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən Müzəffər Sərkərdədir. Artıq Azərbaycanda bütün qələbələrin fövqündə bir Qələbə var. Bu Qələbəni də təmin edən ölkəmizin rəhbəri cənab İlham Əliyevdir. Azərbaycanın gələcək inkişafı ilə bağlı da cənab İlham Əliyev tərəfindən uğurlu strategiya müəyyənləşib. Məhz Prezident İlham Əliyevin yüksəliş konsepsiyası fonunda 2003-2023-cü illər ölkəmizin çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm 20 il kimi daxil olub. Hətta son 20 il tariximizdə o qədər əlamətdar olub ki, bu dövrdə ölkəmiz, əgər belə demək mümkünsə, əsrlərə bərabər yol qət edib. Azərbaycan misilsiz inkişafı ilə Avrasiyanın enerji xəritəsini yeniləyib. Nəticədə əldə edilmiş tarixi uğurlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb və xalqımıza sevinc bəxş edib. Bu gün Azərbaycan özünün ən parlaq günlərini yaşayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər güclü olmayıb. Onun gördüyü işləri sayıb qurtarmaq, kitablara sığışdırmaq mümkün deyil. Prezident cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və bütün ərazilərində suverenliyinin tam bərpasına nail olub. Hazırda Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda bayrağımız əzəmətlə dalğalanır. Başqa sözlə desək, Qarabağın separatçı xunta cilovundan azad olunması kimi mürəkkəb, hətta bəziləri tərəfindən həlli mümkünsüz görünən problemi həll edib və üstəlik Cənubi Qafqazda dünyanı heyrətə salan yeni reallıqlar yaradıb.
Fevralın 7-də cənab İlham Əliyevin Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsinin isə simvolik mənası vardı. Bu, dünyaya və dünya erməniliyinə, onların havadarlarına verilən mesaj idi. Bu, Xankəndinin timsalında Qarabağın, Şərqi Zəngəzurun Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi. Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarıb işıqlı sabaha çıxardısa, cənab İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirməklə yanaşı, Xilaskar Lider statusuna sahibləndi. Məhz cənab İlham Əliyevin əsl sərkərdə məharəti ilə düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən quruculuq işləri aparılır və neçə illərdən sonra soydaşlarımızın bu torpaqlara böyük köçü başlayıb.
Əlbəttə, misli-bərabəri olmayan bu möhtəşəm nailiyyətlər Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin ölkəmizə növbəti yeddi ildə rəhbərliyi ilə bizi ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Bu, indikindən də qüdrətli, bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan olacaq. Cənab İlham Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, xalqına verdiyi bütün vədləri tam şəkildə və vaxtında yerinə yetirib. O, dövlətimizi ağır sınaqlardan, mürəkkəb proseslərdən üzüağ çıxarıb, dünyanı bürüyən və ağır fəsadlar törədən dərin böhranları ölkəmizə yaxın buraxmayıb. Vaxtilə haqqı tapdanan, səsi eşidilməyən, hərbi təcavüzə məruz qalan, torpaqları işğal edilən Azərbaycan bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. Odur ki, xalqımızın daha xoşbəxt, səadət dolu günləri, dövlətimizin ən əzəmətli, güclü illəri hələ qarşıdadır.
Bu seçki, həm də Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Zəfər seçkisi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi olaraq ölkəmizdəki monolit birlik və həmrəyliyin bütün dünyaya nümayiş etdirilməsi idi. Dünya bir daha Azərbaycan Qüdrətinə və Qələbəsinə şahid oldu.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri