Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında
(AHİK) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndələri ilə
görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşdə Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdəki
əlverişli mühitin həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə və əmək
hüquqlarının effektiv müdafiəsinə yaratdığı geniş imkanları, dövlətimizin bu
sahəyə diqqət və qayğısını vurğulayıb.
Bildirilib ki, sağlam və təhlükəsiz iş şəraitinin
tam təmin olunması, ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi istiqamətində
kompleks tədbirlər həyata keçirilir, müalicə və istirahətinin səmərəli təşkili
məqsədilə sanatoriya-kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir.
Tədbirdə həmkarlar ittifaqları sistemində aparılan
islahatlar və layihələr, “Kurort” Turizm İnformasiya Mərkəzi, eləcə də yeni
yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti barədə məlumat
verilib, həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərə dair
qanun layihəsi üzərində iş aparıldığı diqqətə çatdırıb.
Görüşdə əmək hüquqlarının qorunması, əməyin mühafizəsi,
məşğulluq, işçilərin rifahının yüksəldilməsi istiqamətində Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın daha da gücləndirilməsinin önəmi
qeyd olunub. Bildirilib ki, sosial tərəfdaşlıq ildən-ilə
təkmilləşir, Baş Kollektiv Sazişdə müasir çağırışlara və tələblərə uyğun müddəalar
əksini tapır ki, bu da əmək hüquqlarının daha effektiv müdafiəsinə əlavə
imkanlar yaradır.
Tədbirdə
AHİK-in fəaliyyətindən bəhs edən videomaterial izlənilib, həmkarlar ittifaqları
haqqında qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklərlə bağlı təqdimat
edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar
Əliyev Konfederasiyanın həyata keçirdiyi islahatları və yenilikləri yüksək qiymətləndirib,
əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin
inkişafında həmkarlar ittifaqlarının rolunu vurğulayıb. Məşğulluq imkanlarının
artırılması, əmək bazarı ilə bağlı görülən sistemli tədbirlər nəticəsində əmək
müqavilələrinin sayının artdığını qeyd edən nazir həssas əhali qruplarının
sosial müdafiəsinin daim diqqətdə saxlandığını qeyd edib.
Görüş zamanı sosial dialoqun, sivil tərəfdaşlığın
inkişafının, Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəliklərə riayət
olunmasının önəmi diqqətə çatdırılıb.
Sonda Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzi, həmçinin Əməyin
Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.