Son günlərdə bitkoinin qiymətində əhəmiyyətli artım müşahidə olunur. Maraqlıdır, bu tendensiya davam edəcəkmi?
Mövzu ilə bağlı Manset.az-a danışan kriptovalyuta üzrə ekspert Elnur Quliyev bildirib ki, hazırda kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümumi bazar kapitalizasiyası 2.9 trilyon dollar təşkil edir.
"İlk kriptovalyuta son 1 həftə ərzində 10% qədər dəyər qazanaraq 95.750 dollara qədər bahalaşmağı bacarıb. Bitkoin, zəifləyən ABŞ dolları və geosiyasi gərginliyin azaldılması səbəbindən fond indekslərinin yüksəlməsi fonunda güclü artım nümayiş etdirib. Qiymət artımına təsir edən əsas faktor ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminə (FES) qarşı yumşaldıcı ritorikası və beynəlxalq ticarət əlaqələrində müsbət siqnallar ilə bağlı olub. Xüsusilə, FES-in növbəti iclasında uçot faiz dərəcəsinin endirməsi ehtimalının artması və D.Trampın Çinə qarşı olan tarif siyasətinə yenidən nəzərədn keçirəcəyi ilə bağlı xəbərlər kriptovalyuta bazarında qiymətlərin artmasına səbəb olub".
Ekspert qeyd edib ki, texniki analizə əsasən hazırda bitcoin-in 90.000 dollarlıq həddindən yuxarı qiymətdə ticarət olunması müsbət faktor kimi qiymətləndilir:
"Əlavə olaraq, "BlackRock" kimi iri korporativ şirkətin aprelin 28-i “bitcoin ETF”-ə əlavə 970 milyon dollar investisiya etməsi və ümimilikdə kripto-birjalarda bitcoin sayının son altı ilin minimum səviyyəsinə enməsi yaxın gələcəkdə kriptovalyuta bazarında qiymətlərin artmasına təsir edəcəkdir. Bitcoin üçün növbəti hədəf psixoloji əhəmiyyətli 100.000 dollar olacaq".