İyunun 21-də Azərbaycan Dillər
Universitetində “Future of Learning” forumu baş tutub. Forum Azərbaycan Dillər
Universiteti, Hədəf Liseyi – STARS Campus-u, Doğu Akdeniz Universiteti, EDUHEK
(Education Technology and Consulting) və ELTA (English Language Teaching
Assessment) təşkilatlarının birgə təşkilatçılığı, Hi Languages, e-School və Nəsibə
Aydın Yıldızlar Məktəbinin tərəfdaşlığı ilə keçirilib.
Manset.az xəbər verir ki, forumda 350 nəfərdən çox iştirakçı olub. Təhsil sahəsində baş verən qlobal dəyişikliklər
fonunda təşkil olunan tədbir müasir təhsil yeniliklərinin təqdimatı və beynəlxalq
təcrübələrin paylaşılması baxımından əhəmiyyətli platforma rolunu oynayıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Himnin musiqisini Hədəf Liseyinin balaca ifaçısı İnci Sadıqzadə səsləndirib.
Açılış mərasimində Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadıq, Azərbaycan
Dillər Universitetinin prorektoru Jalə Qəribova və EDUCO Qrupun rəhbəri
Ercüment Özayan açılış nitqi ilə çıxış ediblər.
Forumun əsas məqsədi iştirakçıları təhsildəki son innovasiyalar, xarici dilin tədrisində
tətbiq olunan qabaqcıl metodlar və beynəlxalq proqramlarla bağlı məlumatlandırmaq,
eyni zamanda müəllimlərin peşəkar inkişafına dəstək vermək olub. İkidilli tədris
yanaşmaları, beynəlxalq imtahanların təşkili və beynəlxalq təhsil
standartlarına uyğun metodların tətbiqi mövzularında geniş təcrübə mübadiləsi
aparılıb.
Forumun hədəf auditoriyası ingilis dilində dərs deyən müəllimlər olsa da, tədbirdə
digər fənn müəllimləri, məktəb rəhbərləri və təhsil sahəsində çalışan mütəxəssislər
də fəal iştirak ediblər.
Forum çərçivəsində çıxış edən spikerlər arasında təhsil mütəxəssisi və BMT-nin
Qlobal Məktəblər Proqramı üzrə mentor Burcu Önder Gürpınar, Avropa Azərbaycan Məktəbinin
icraçı direktoru, Caucasus & Central Asia IB Assosiasiyasının sədri
Francesco Banchini , Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı
direktoru Tural Abbasov Ed.M., Doğu Akdeniz Universitetinin professoru Cavanşir
Şibliyev, Hədəf Stars Campus-un icraçı direktoru və təhsil texnologiyaları üzrə
mütəxəssis Şemsettin Beşer, Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Elnarə
Tağıyeva, Azərbaycan Dillər Universitetinin baş müəllimi və beynəlxalq
sertifikatlı təlimçi Aynur Əsgərzadə və IB təhsili üzrə təlimçi, PYP üzrə mütəxəssis
və mentor Ebru Hezen yer alıblar.
Forum zamanı “İngilis dilinin tədrisində ikidilli təhsilin sehrli gücü”,
“Rethink, Reform, Revolutionise”, “Cambridge Global Perspectives” kurikulumu çərçivəsində
mədəniyyətlərarası bacarıqlar”, “Təhsildə süni intellekt”, “Süni intellektin
xarici dil öyrənməyə təsiri”, “Beynəlxalq imtahanlar”, “Active Participation as
a Catalyst for Effective English Language Acquisition” və “Dünyaya açılan
siniflər: IB və beynəlxalq şüur” kimi aktual mövzularda təqdimatlar dinlənilib.
Forum çərçivəsində təlim və təqdimatlar ingilis dilində aparılıb.
Forumda spikerlərin və iştirakçıların adından Qarabağ Universitetinin
kitabxanasına kitab ianə ediləcəyi elan olunub. Bu mənəvi təşəbbüsə verdikləri
töhfəyə görə spikerlərə təşəkkürnamələr təqdim olunub və onlara Qarabağla bağlı
xatirə kitabı hədiyyə edilib.
Forum iştirakçılarına Hədəf Nəşrləri və Sinkod tərəfindən ingilis dilinin tədrisinə
dair praktik vəsaitlər, metodik materiallar və dərsliklər hədiyyə olunub. Eyni
zamanda, Naxçıvan Universiteti və Qarabağ Universitetinin müəllimləri, həmçinin
Qazaxıstan və Qırğızıstandan onlayn formada qoşulan pedaqoji heyətin peşəkar
inkişafını dəstəkləmək məqsədilə forumun onlayn iştirak imkanı onlara hədiyyə
olaraq təqdim edilib. Bu təşəbbüs, təhsildə regional və beynəlxalq əməkdaşlığın
gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
“Future of Learning” forumu təhsildə yenilikləri izləmək, beynəlxalq təcrübələri
öyrənmək və bu təcrübələri praktikada tətbiq etmək istəyənlər üçün mühüm
platformadır.