Bakı Kitab Mərkəzində “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib.
Manset.az Füyuzat-a istinadən xəbər verir ki, təqdimatda yazarlar, naşirlər, rəsmi şəxslər, media
və ictimaiyyət nümayəndələri iştirak edib.
Toplu
MİMTA Fondunun layihəsi əsasında
British
Petroleum (bp) şirkətinin
dəstəyi ilə MİMTA
Yayımlarında nəşr
olunub.
Tədbiri
giriş
sözü ilə açan bp şirkətinin
vitse-prezidenti Bəxtiyar
Aslanbəyli bildirib ki, bp şirkəti müxtəlif sahələrə – təhsil, yerli icmaların
inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi
və təbliğinə öz töhfələrini verməyə davam edir. Belə qiymətli töhfələrdən biri
də məhz “Dirilik” jurnalının transliterasiyasıdır. Natiq MİMTA Fonduna layihəni
uğurla başa çatdırdığı üçün təşəkkür edərək bildirib ki, Azərbaycan milli mətbuatının
150 illiyinə hədiyyə olaraq bp-nin dəstək verdiyi bu nəşr milli mətbuatın tarixi
və müasir ənənələrinə, cəmiyyətdə zəngin məfkurənin formalaşmasındakı və xalqın
mənəvi inkişafındakı roluna verdiyi yüksək dəyərin ifadəsidir.
Daha sonra layihənin müəllifi,
MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxış edərək bildirib: “Fondumuzun
əsas qayələrindən biri irsimizi bərpa və təbliğ etməkdən ibarətdir. Bu il 20
illiyi tamam olan MİMTA Fondu fəalliyyət göstərdiyi bu müddət ərzində bir çox
layihələrə imza atıb. Bunlardan biri də mətbuat irsimizin bərpası və
transliterasiya sahəsində görülən işlərdir. Fondumuzun transliterasiya işində
böyük təcrübəsi var. Daha öncə Azərbaycanda ilk qadın mətbuatı olmuş “İşıq” qəzetinin
saylarını da transliterasiya edərək toplu şəklində yayımlamışdıq. Həmçinin
MİMTA Fondu ictimai fikir tariximizdə mühüm yeri olan “Füyuzat” jurnalını və
“İşıq” qəzetini də dərgi formatında ilk nəşrindən 100 il sonra bərpa edib. “Dirilik”
məcmuəsinin transliterasiyası ilə bağlı tədqiqatı öz imkanlarımız hesabına
aparmışıq və gərgin fəaliyyət nəticəsində bu toplunu hazırlamışıq. Bundan sonra
da bənzər istiqamətdə layihələrimiz olacaq. bp şirkətinə toplunun çapına
verdiyi dəstəyə görə təşəkkür edirəm”.
Daha sonra çıxış edənlər – Mətbuat
Şurasının sədri Rəşad Məcid, akademik Nizami Cəfərov, Medianın İnkişafı
Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, millət vəkili Ceyhun Məmmədov,
Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Cihangir
İşbilir və başqaları “Dirilik” jurnalının Azərbaycanda milli məfkurənin
formalaşmasındakı rolundan danışıb, transliterasiya toplusunu yüksək qiymətləndirərək
milli mətbuatın 150 illiyinə qiymətli töhfə olduğunu bildiriblər.
Qeyd edək ki, toplu XX əsrin
əvvəllərində Azərbaycanın ictimai-siyasi və ədəbi həyatında mühüm rol oynamış mətbuat
orqanlarından “Dirilik” jurnalının transliterasiya olunmuş saylarını əhatə
edir. 1914–1916-cı illərdə nəşr olunan, ümumilikdə 28 sayı işıq üzü görmüş
jurnal Azərbaycanda milli kimlik və maarifçilik ideyalarının daşıyıcısı kimi fəaliyyət
göstərib. “Dirilik” məcmuəsi dövrün aparıcı fikir tribunalarından biri olmaqla
yanaşı, həmçinin Azərbaycan xalqının milli özünüdərk prosesinə nəzəri və
ideoloji əsaslar bəxş edib.
“Dirilik” məcmuəsinin
transliterasiya toplusunun rəyçisi və ön sözün müəllifi Mətbuat Şurasının sədri
Rəşad Məcid, akademik məsləhətçisi isə f.e.d., professor Nizami Cəfərov,
redaktoru Əsəd Aslanoğludur. Transliterasiya toplusu MİMTA Fondunun tərcümə və
nəşriyyat şöbəsinin əməkdaşları – Muxtar Cəfərli, Vüqar Mirzə və Əsəd Aslanoğlu
tərəfindən transliterasiya edilib.
Toplu XX əsrin əvvəllərində
Azərbaycanda ictimai-siyasi mühiti, milli fikrin təşəkkül dövrünü araşdıran tədqiqatçılar,
ümumilikdə ötən əsrin ilkin onilliklərinə aid mətbuat və ədəbiyyat tarixi ilə
maraqlananlar üçün qiymətli mənbədir.