Sosial şəbəkələrdə TƏBİB-dən şikayətlə bağlı paylaşım edilib.
Manset.az xəbər verir ki, uzman psixoloq Sevinc Əlizadə sosial şəbəkədə paylaşım edərək Yeni Klinikada azyaşlı pasiyentə tibbi yardımın gecikdirildiyini iddia edib. Onun sözlərinə görə, 18 avqust 2025-ci il tarixində saat 04:00 radələrində xəstəxanaya gətirilən uşaq testis nahiyəsində şiddətli ağrı və digər ciddi simptomlarla müraciət etsə də, saatlarla həkim müdaxiləsi gözləyib. Əlizadə qeyd edib ki, pasiyentə “testis torsionu” diaqnozu qoyulub. Bu isə qan axınının kəsilməsi nəticəsində testisin həyat qabiliyyətini itirə biləcəyi, təcili müdaxilə tələb edən vəziyyət hesab olunur. Onun paylaşımında həmçinin pasiyentdə ani başlayan ağrı, şişkinlik, qızartı, qarınaltı nahiyəsində sancı və ürəkbulanma kimi simptomların olduğu, lakin yardım göstərilmədiyi vurğulanıb. Psixoloq vəziyyəti “biabırçı sistem” adlandıraraq aidiyyəti qurumlara səslənib.
Bu məsələ ilə bağlı TƏBİB-dən Manset.az-a bildirib ki, 18 avqust saat 05:09-da Yeni Klinikanın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə müraciət edən pasiyent ilkin olaraq triaj otağında müayinə olunub. Müayinə zamanı şikayətlərin uroloji xarakter daşıdığı, lakin təcili tibbi hal olmadığı müəyyən edilib. Qurumun məlumatına görə, pasiyent xəstəxanaya ağrı və sancı ilə deyil, axıntı şikayəti ilə müraciət edib.
Buna görə də o, poliklinik qaydada uroloq-androloq müayinəsinə yönləndirilib və saat 06:12-də qeydiyyatdan keçərək növbə talonu alıb. Daha sonra pasiyentlə telefon əlaqəsi saxlanılıb və görüş təşkil olunub. TƏBİB bildirir ki, görüş zamanı sosial şəbəkələrdə deyilənlərin əksinə olaraq pasiyentin ağrı şikayətinin olmadığı təsdiqlənib.
Həkim-uroloqun konsultasiyası əsasında pasiyent doppler ultrasəs müayinəsinə və laborator qan analizlərinə göndərilib. Müayinələrin nəticəsində 1-ci dərəcəli varikosel (toxum ciyəsi venalarının genişlənməsi) aşkarlanıb. Hal-hazırda müalicəyə ehtiyac olmadığı üçün pasiyentə profilaktik tövsiyələr verilib.
Qurum əlavə edib ki, bütün tibb müəssisələrində pasiyentlərin qəbulu triaj prinsipi ilə həyata keçirilir. Təcili hallarda növbəsiz xidmət göstərilir, digər hallarda isə növbə sistemi tətbiq olunur.
Sözügedən xəstənin analiz cavabları: