- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına (AHİİTA) məxsus idman zalında idmançıların yüksək səviyyədə hazırlıq keçməsi üçün müasir tələblərə cavab verən şərait yaradılıb.
Manset.az xəbər verir ki, Gənclər
və idman naziri Fərid Qayıbov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri
Şahin İsmayılov, komitənin üzvləri, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının, eləcə də üzv və tabe
təşkilatların rəhbərləri, idmançılar və məşqçilər idman zalında yaradılmış şəraitlə
tanış olublar.
Məlumat
verilib ki, burada güləş, cüdo və boks üzrə məşqlərin keçirilməsi üçün müasir
standartlara cavab verən üç idman zalı var. Zallar zəruri idman avadanlıqları və
digər inventarlarla təchiz edilib. Həmçinin məkanda duş, paltardəyişmə, mətbəx,
inzibati və köməkçi otaqlar mövcuddur. Ümumilikdə 540 kvadratmetr sahəni əhatə
edən idman zalında yeni istilik sistemləri və kondisionerlər quraşdırılıb, həm əməkdaşlar,
həm də idmançılar üçün gündəlik fəaliyyət və məşqlərin səmərəli təşkili üçün hər
cür şərait yaradılıb.
Qeyd
edək ki, AHİİTA həmkarlar ittifaqı üzvləri arasında sağlam həyat tərzinin təbliği,
asudə vaxtın səmərəli təşkili, bədən tərbiyəsi və idmanda kütləviliyin
artırılması istiqamətində layihələr həyata keçirir, müxtəlif idman növləri üzrə
yarışlar təşkil edir.
Hazırda
AHİİTA-nın tərkibində şahmat və zəka oyunları, güləş və fiziki hazırlıq bölmələri
fəaliyyət göstərir.
2025-ci
ilin ötən dövrü ərzində Assosiasiyanın idmançıları yerli və beynəlxalq
yarışlarda ümumilikdə 246 medal
qazanıblar.