15 Sentyabr -
Bilik Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbir Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Akademiyanın rektor
vəzifəsini icra edən Yusif Ağayev yeni dərs ilinin başlanması münasibətilə
professor-müəllim heyətini və tələbələri təbrik edib, onlara tədris və elmi fəaliyyətlərində
uğurlar arzulayıb.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası sədrinin müşaviri Nigar Vahabzadə çıxışında Konfederasiyanın
elm və təhsil, eləcə də gənclərlə iş sahəsinə göstərdiyi diqqət və qayğını
vurğulayıb. O, Akademiyada yaradılmış müasir tədris mühitinin və tələbələr üçün
imkanların onların gələcək peşəkar inkişafına önəmli töhfə verəcəyini qeyd
edib.
Elm və Təhsil
İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ RK) sədri Araz
Paşayev isə AƏSMA və ETİHİ RK arasında mövcud əməkdaşlıq çərçivəsində həyata
keçirilən layihələrdən danışıb.
Araz Paşayev bir
neçə məzununun ETİHİ RK-da çalışmasından məmnunluqla bəhs edib, bu əməkdaşlığın
gələcəkdə daha da genişlənəcəyini bildirib.
Tədbirdə
çıxış edən valideynlər və tələbələr Akademiya, həmçinin yeni tədris ili ilə
bağlı arzu və istəklərini ifadə ediblər.