Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (ACTRAV) Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək əmək
bazarında baş verən dəyişikliklərə uyğunlaşmaq üçün təhsilin inkişafı və beynəlxalq
əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Konfederasiya sədri Akademiyanın fəaliyyətindən,
100 %-lik qəbul göstəricisindən, yeni yaradılan İxtisasartırma və Kadrların
İnkişafı Mərkəzindən, keçirilən beynəlxalq təlimlərdən danışıb. Bildirilib ki,
Akademiya Böyük Britaniyada yerləşən Peşəkar Əməyin Təhlükəsizliyi və
Sağlamlığı İnstitutu (IOSH) tərəfindən beynəlxalq akkreditasiyadan keçib. Bu,
dünyada əməyin təhlükəsizliyi sahəsində ən nüfuzlu təşkilatlardan biridir.
Artıq Akademiya beynəlxalq səviyyədə tanınan təlimlər keçirə, bilik və
bacarıqları qiymətləndirə və IOSH sertifikatları təqdim edə bilər. Bu
sertifikatı alanlar yalnız Azərbaycanda deyil, dünyanın istənilən yerində peşəkar
əmək təhlükəsizliyi mütəxəssisi kimi tanınır.
Tədbirdə həmçinin AHİK və BƏT/ACTRAV-ın əməkdaşlığı çərçivəsində rəqəmsal
tədris, sosial dialoq, əməyin təhlükəsizliyi, gender bərabərliyi, gənclərin və
qadınların rolunun artırılması kimi prioritet istiqamətlər müzakirə olunub, həmkarlar
ittifaqlarının müasir əmək bazarına uyğun modernləşdirilməsi mühüm addım kimi dəyərləndirilib.
BƏT/ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini müsbət dəyərləndirib,
iki qurum arasında əlaqələrdən, birgə reallaşdırılan layihə və tədbirlərdən
danışıb, münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, əməkdaşlığın genişləndirilməsinin
istiqamətləri barədə fikirlərini bölüşüb.
Sonra Akademiyanın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində
professor-müəllim heyətinin iştirakı ilə tədbir keçirilib. BƏT-in Azərbaycandakı
milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış edərək iki qurum arasında münasibətlərin
inkişafının əhəmiyyətindən bəhs edib, Azərbaycanda əmək hüquqlarının müdafiəsi
sahəsində beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının qərar və tövsiyələrinə
xüsusi önəm verildiyini qeyd edib.
Akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova ali
təhsil müəssisəsi, tədris prosesinin təşkili, tətbiq olunan yeniliklər barədə təqdimatla
çıxış edib. Təqdimatda Akademiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi
istiqamətində atılan addımlar, BP, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi,
York Universiteti, Turin Beynəlxalq Təlim Mərkəzi və digər nüfuzlu qurumlarla əməkdaşlığı
vurğulanıb.
Tərəflər Azərbaycan həmkarlar ittifaqları ilə BƏT/ACTRAV arasında əməkdaşlığın
genişləndirilməsinin istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda AHİK və ACTRAV arasında həmkarlar ittifaqları təhsilinin
inkişafı və gücləndirilməsi sahəsində Əmək və Sosial Münasibətlər
Akademiyasının inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq haqqında Bəyannamə
imzalanıb.
Sənəddə həmkarlar ittifaqı üzvlərinin bilik və peşə bacarıqlarının
artırılması, rəqəmsal platformaların və alətlərin tətbiqi, eləcə də vahid
regional təhsil portalının yaradılması nəzərdə tutulur. Bəyannamədə həmçinin
BƏT ekspertlərinin iştirakı ilə Əmək və Sosial Münasibətlər Akademiyasının təhsil
proqramlarında gənclərin akademik və sosial fəaliyyətlərə daha fəal qoşulmasını
təşviq etmək məqsədilə maarifləndirmə və təcrübə mübadiləsinin həyata keçirilməsi
planlaşdırılır.