“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi - Fotolar 

15:40 - 04 Noyabr 2025

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi - Fotolar 

Noyabrın 3-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu və Azərbaycan Televiziyasının (AzTV) media tərəfdaşlığı ilə Vətən müharibəsində qazanılmış Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Andı” adlı ədəbi–bədii gecə keçirilib.


Manset.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllülər, tələbə gənclər, ictimaiyyət və media nümayəndələri olmaqla 2000-nə yaxın şəxs iştirak edib.

Tədbirdə Aprel döyüşləri şəhidi, “Murov Qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, şəhid Valeh Bədəlovun anası Südabə Qazıyeva və Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, “Böyük Qayıdış” Gənclər Təşkilatının fəxri üzvü Zaur Hüseynov çıxış ediblər.

Tədbir tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin təqdimatında “Zəfər Andı” bədii kompozisiyası ilə davam edib.

Quruluşçu rejisoru Əməkdar artist Nicat Kazımov, ssenari müəllifi şair, yazıçı, kinodramaturq İlqar Fəhmi olan kompozisiyada Azərbaycan xalqının qəhrəman övladlarının Vətənin azadlığı uğrunda göstərdikləri şücaət və qəhrəmanlıqlar, Vətən Müharibəsi və antiterror əməliyyatlarını əhatə edən vacib hadisələr bədii, musiqili və teatral formada tamaşaçılara təqdim edilib.










Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az