"Konstitusiya və Suverenlik İli" və 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə paytaxtda və bölgələrdə növbəti sosial-hüquqi aksiyalar keçirilib.
Manset.az xəbər verir ki, noyabrın 3-də və 4-də baş tutan aksiyalar çərçivəsində Bakı şəhərinin Xətai, Lerik, Astara, Abşeron və Zaqatala rayonlarında vətəndaşlarla görüşlər təşkil olunub. Belə ki, Lerik rayon Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı Vasif Qafarov, Astara şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının inzibati binasında deputat Rəşad Mahmudov, Abşeron rayon Mədəniyyət Evində deputat Zaur Şükürov, Bakı şəhəri Xətai rayonu 194 saylı məktəbdə deputat Pərvanə Vəliyeva, Abşeron rayonu Xırdalan şəhərində YAP-ın rayon təşkilatının inzibati binasında deputat Nigar Məmmədova, Zaqatala rayon Heydər Əliyev Mərkəzində isə deputat Azər Kərimli, noyabrın 5-də Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində deputat Rizvan Nəbiyevin təşəbbüsü və VK-nın dəstəyi ilə hüquqi maarifləndirmə aksiyaları keçirilib.
Aksiyalarda Lənkəran, Astara, Abşeron və Zaqatala rayon Vəkil Bürolarının, eləcə də “Güvən” və Xırdalan şəhər Vəkil Bürosunun üzvləri iştirak ediblər. Vəkillər tərəfindən ümumilikdə 170-dən çox vətəndaşa müxtəlif hüquq sahələri üzrə pulsuz hüquqi yardım göstərilib.
Vətəndaşlara inzibati işlər, mülkiyyət hüquqlarının müdafiəsi, torpaq mübahisələri, aliment tələbləri, əlilliyin təyin olunması və digər sosial xarakterli məsələlər üzrə hüquqi məsləhətlər verilib, müraciətlər fərdi qaydada araşdırılaraq aidiyyəti qurumlara yönləndirilib.
Bu təşəbbüs çərçivəsində həyata keçirilən sosial-hüquqi aksiyalar vəkilliyin cəmiyyətə xidmət missiyasının və hüquqi maarifləndirmə fəaliyyətinin davamı kimi dəyərləndirilib.