M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir ki, təmir işləri icra olunur. Bununla əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir.
AAYDA-dan Manset.az-a verilən məlumata görə, müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.
Qeyd edək ki, təmir işləri səbəbindən Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində uzun tıxac yaranıb.
***
20:15
Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində uzun tıxac müşahidə olunur.
Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Avtomobil yolunda hərəkət demək olar ki, dayanıb. Sürücülər uzun tıxacla üzləşiblər.
Görüntünü təqdim edirik: