“Azərişıq” ASC yenidənqurma və əsaslı təmir-bərpa işləri ilə yanaşı regionlarda maarifləndirici tədbirləri davam etdirir, bölgələrdə yerli sakinlərlə mütəmadi görüşlər təşkil olunur.
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən belə tədbirlərdən biri Bərdədə baş tutub. Noyabrın 14-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Bərdə Elektrik Şəbəkəsinin inzibati binasında Bərdə və Tərtər rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Əvvəlcə
Ümummilli Lider Heydər Əliyevin Bərdə şəhərindəki abidəsi ziyarət olunaraq önünə
gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Qəbul
zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər
cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər
görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə
alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Qəbulda iştirak edən vətəndaşlar
regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də onlara göstərilən
diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə
ediblər.
“Azərişıq”
ASC ölkənin bütün regionlarında mütəmadi olaraq maarifləndirici tədbirlər həyata
keçirir. Bölgələrdə vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil
olunur, onların təklif, tövsiyələri dinlənilir. Görülən bütün işlər abonentlərin
dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi
itkilərinin minimuma endirilməsinə hədəflənib.