Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında (AHİK) Vəkillər Kollegiyasının nümayəndələri ilə görüş
keçirilib.
Manset.az xəbər verir ki, Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə
həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti
vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi,
sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən
işlərdən danışıb.
Görüşdə həmkarlar ittifaqları sistemində
aparılan islahatlar, tətbiq edilən yeniliklər, həyata keçirilən layihələr barədə
də ətraflı məlumat verilib. Qeyd edilib ki, Konfederasiyanın Əməyin Mühafizəsi
və Hüquqi Yardım Mərkəzi tərəfindən müraciətçilərə işçi hüquqları ilə bağlı ödənişsiz
dəstək göstərilir, maarifləndirmə tədbirləri təşkil olunur.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov
Azərbaycan qanunvericiliyində əmək hüquqlarını tənzimləyən mükəmməl
qanunvericilik bazasını vurğulayıb, əmək hüquqlarının müdafiəsi sahəsində AHİK
tərəfindən aparılan islahatları və tətbiq edilən yenilikləri yüksək dəyərləndirib.
Tədbirdə iki qurum arasında əlaqələrin əhəmiyyətindən
bəhs edilib, əməkdaşlığın istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası ilə Vəkillər Kollegiyası arasında birgə Əməkdaşlıq haqqında Memorandum
imzalanıb.
Memorandum həmkarlar ittifaqı üzvlərinin
hüquq və maraqlarının daha etibarlı müdafiəsi, hüquqi maarifləndirmə tədbirlərinin
artırılması və bu sahədə birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
Sənədə əsasən, tərəflər əmək hüquqları üzrə
elmi-praktiki araşdırmaların təşviqi, həmkarlar ittifaqı üzvləri və vəkillər
üçün seminar, təlim və konfransların keçirilməsi və s. sahələrdə əməkdaşlıq edəcəklər.
Sonra Vəkillər Kollegiyasının nümayəndələri
“Kurort” Turizm İnformasiya Mərkəzində tətbiq edilən yeniliklər, eləcə də Əməyin
Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.