Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqı üzvlərinin
əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, əməyin təhlükəsizliyi,
asudə vaxtının mənalı keçirilməsi tədbirləri ilə yanaşı, sağlamlığının
qorunması və istirahətinin səmərəli təşkili istiqamətində də ardıcıl və
sistemli tədbirlər həyata keçirilir, müalicə və istirahət mərkəzlərində şərait
yaxşılaşdırılır.
Manset.az xəbər verir ki, Bakının
Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən AHİK-in “Günəşli” sağlamlıq mərkəzində
də şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib, mərkəz müasir tibbi
avadanlıqlarla təchiz edilib.
AHİK-in,
dövlət qurumlarının nümayəndələri və Milli Məclisin deputatları mərkəzdə görülən
işlərlə tanış olublar.
Məlumat
verilib ki, “Günəşli” sağlamlıq mərkəzi inzibati bina, iki yataq korpusu,
müalicə korpusu, diaqnostika mərkəzi, klub, rəqs və idman meydançalarından ibarətdir.
Burada ümumilikdə 243 çarpayılıq 133 otaq vardır. Sinir sistemi xəstəliklərinin
müalicəsi üzrə ixtisaslaşan mərkəz fizioterapiya xidmətləri, müalicəvi
naftalan, paranaft və mineral su vannaları təqdim edir. Burada həmçinin kedr çəlləyi,
akupunktura, biopunktura, limfodrenaj, neyroson, ozonoterapiya, inhalyasiya və
digər müalicə-profilaktik prosedurlar həyata keçirilir.
Bildirilib
ki, sağlamlıq mərkəzinin yararsız halda olan yataq korpuslarının biri əsaslı şəkildə
yenidən qurulub, şərait müasir standartlara uyğun olaraq yaxşılaşdırılıb.
Korpusda zəruri avadanlıqlarla təchiz edilmiş 80 çarpayılıq 50 otaq vardır. Burada
yeni tibbi avadanlıqlarla təchiz olunmuş həkim, masaj və vanna otaqları, həmçinin
fizioterapiya kabinetləri müalicə alanların xidmətindədir.
Bununla
yanaşı, ərazinin infrastrukturu yenilənib, daxili yollara yeni asfalt örtüyü çəkilib.
Yaşıllaşdırma işləri çərçivəsində əraziyə ağac və bəzək kolları əkilib,
işıqlandırma sistemi yenilənib, su təchizatı yaxşılaşdırılıb. Sağlamlıq mərkəzi
Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təmin
edilib.
Tədbir
iştirakçıları “Günəşli” sağlamlıq mərkəzində yaradılan şərait, müalicə və
istirahət imkanlarını yüksək qiymətləndiriblər.