Azərbaycanın milli
aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və
komfortu artıran yeni xidməti istifadəyə verib. Artıq sərnişinlər yan oturacağı
və ya bütün sıranı əvvəlcədən “bloklaya” bilərlər.
Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkanı və geniş şəxsi məkan təmin edir. Bu yenilik AZAL-ın müştəriyönümlü yanaşmasının, fərdiləşdirilmiş səyahət həllərinin genişləndirilməsi və sərnişin rahatlığının artırılması strategiyasının növbəti addımıdır. Xidmət yalnız ekonom sinif üçün keçərlidir, biznes sinif və “Extra Legroom” kateqoriyasına aid ekonom sinif yerlərə şamil edilmir.
Xidmətin tətbiqi qaydası:
– Aviabilet alındıqdan
sonra sərnişinə uçuşdan bir neçə gün əvvəl yan oturacağı bloklamaq imkanı barədə
elektron məktubla müraciət göndərilir. Eyni zamanda sərnişin azal.az
veb-saytının “AZAL Upgrade” səhifəsi və ya “Rezervasiyanın idarə edilməsi” bölməsinə
daxil olaraq xidmətdən istifadə ilə bağlı öz təklifini edir.
– Uçuşdan əvvəl sərnişinə
təklifinin qəbul olunub-olunmaması barədə məlumat göndərilir.
– Xidmətin dəyəri
marşrutdan, uçuşun müddətindən və həmin anda təyyarənin doluluq səviyyəsindən
asılı olaraq dəyişir.
– Xidmət yalnız boş yerlər mövcud olduqda aktivləşdirilir. Əgər reys tam dolu olarsa və oturacaq digər sərnişinə verilərsə, ödəniş avtomatik olaraq geri qaytarılır və sərnişinə bu barədə bildiriş göndərilir.
Xidmətin istifadəsinə
dair videotəlimatla bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://youtube.com/shorts/qgFunjJCIZw?feature=share