Qırmızı Ürəklər Fondunun Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi ənənəvi “Bayram səbəti”
xeyriyyə aksiyası uğurla yekunlaşıb. Toplanan ianələr vasitəsilə ölkənin
müxtəlif bölgələrində yaşayan yüzlərlə ailəyə bayram sovqatı çatdırılıb.
Cəmiyyətdə həmrəylik və paylaşma dəyərlərinin
möhkəmləndirilməsi məqsədilə həyata keçirilən aksiya çərçivəsində həssas əhali
qruplarından olan 305 ailəyə dəstək göstərilib. Birbank müştərilərinin ianələri
nəticəsində formalaşdırılan, gündəlik tələbat üçün zəruri olan əsas qida
məhsullarından ibarət ərzaq qutuları ölkənin 39 rayonu üzrə ünvanlara
çatdırılıb.
Qeyd edək ki, aksiyanın həyata keçirilməsində Fondun 77
könüllüsü fəal iştirak edib. İanəçilərin maddi-mənəvi dəstəyi və könüllülərin
fədakar fəaliyyəti sayəsində reallaşan bu xeyirxah təşəbbüs, təkcə maddi yardım
deyil, eyni zamanda cəmiyyətdəki yardımlaşma ənənəsini daha da möhkəmləndirir.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital
Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə
başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik
mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji
tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas
və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali
məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına
daxil ola bilərsiniz.