"Rabitə Bank"da müştəri narazılıqları səngimir.
Manset.az-ın Show News-a istinadən məlumatına görə, daxil olan şikayətdə vətəndaş (Ş) bildirir ki, dekabrın 27-də Rabitə Bank vasitəsilə iki ayrı şəxsə pul köçürməsi edib.
Lakin həyata keçirilən əməliyyatlar bank tərəfindən bloklanıb və göndərilən vəsait qarşı tərəfin hesabına çatmayıb. Vətəndaş məsələ ilə bağlı Rabitə Bankın çağrı mərkəzi ilə əlaqə saxladıqda, ona narahatlığa əsas olmadığı və köçürmənin həyata keçiriləcəyi bildirilib.
Bir müddət sonra vətəndaş yenidən bankla əlaqə saxlayaraq köçürmənin baş tutmadığını və pulun kartına geri qaytarılmasını tələb edib. Bank əməkdaşları problemin həftənin ilk iş günündə həll olunacağını vəd ediblər.
Dekabrın 27-dən bu günədək artıq 16 gün keçməsinə baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb. Bu gün vəd edilən ilk iş günü Rabitə Bankla yenidən əlaqə saxlanıldıqda isə bankda texniki xəta baş verdiyi və 2040 manat məbləğində vəsaitin daha 15–30 iş günü ərzində hesabına qaytarılacağı bildirilib.
Sual yaranır: müştəri öz vəsaitini niyə əvvəlcə 16 gün, indi isə əlavə olaraq 15–30 iş günü gözləməlidir?
Sözügedən məbləğ vətəndaşın son vəsaiti ola, gündəlik ehtiyacların qarşılanması üçün həyati əhəmiyyət daşıya bilər. Bankın daxili texniki problemləri müştərinin maliyyə durumuna mənfi təsir göstərməməlidir.
Rabitə Bankdan gözlənilən isə məsuliyyətli yanaşma, şəffaf izahat və vətəndaşın vəsaitinin mümkün qədər qısa müddətdə geri qaytarılmasıdır.