Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX)
apardığı monitorinqlər nəticəsində “Instagram” sosial şəbəkəsində sürücülük təlimi
ilə məşğul olan şəxslərin üç mindən çox fiziki şəxsə aid sürücülük vəsiqəsini
reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib.
Manset.az xəbər verir ki, qeyd olunan hallarda vətəndaşların fərdi məlumatlarının yayılması onların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və qanunsuz istifadəsi riskini artırdığı üçün ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət ünvanlayıb. Müraciətdə sürücülük vəsiqələrinin dərhal silinməsi və bu kimi halların təkrarlanmaması üçün zəruri texniki və təşkilati tədbirlərin görülməsi tələb edilib. Nəticədə qanunsuz paylaşılan məlumatların silinməsi təmin olunub.
Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlara
müraciət edərək bildirir ki, fərdi məlumatların, o cümlədən sürücülük vəsiqəsi
kimi rəsmi sənədlərin sosial şəbəkələrdə paylaşılması ciddi təhlükə yaradır.
Belə məlumatlar yalnız etibarlı və səlahiyyətli qurumlara təqdim edilməli,
qanun pozuntusu halları ilə rastlaşdıqda isə dərhal ETX-yə məlumat verilməlidir.
Eyni zamanda sürücülük təlimi təşkil edən şəxslərə
və müəssisələrə xəbərdarlıq edilir ki, vətəndaşların rəsmi sənədlərinin sosial
şəbəkələrdə paylaşılması yolverilməzdir və “Fərdi məlumatlar haqqında”
qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunmalıdır.