ADU-da dəyirmi masa keçirildi - FOTOLAR

16:01 - 22 Yanvar 2026

ADU-da dəyirmi masa keçirildi - FOTOLAR

 Azərbaycan Dillər Universitetində “Elm və təhsilin inteqrasiyası davamlı inkişaf müstəvisində” mövzusunda dəyirmi masa təşkil olunub.


Manset.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Elm və innovasiya məsələləri üzrə prorektor, professor Həmidə Əliyeva mövzunun aktuallığından danışıb. 

Qeyd olunub ki, müasir dünyada elmin və təhsilin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilir. Bu mənada son dövrlər Azərbaycan elmi və təhsili də yeni inkişaf mərhələsinə qədəm qoyub. 

ADU-nun rektoru, akademik Kamal Abdulla dəyirmi masa iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Bildirilib ki, alimlərin, mütəxəssislərin və tədqiqatçıların üzərinə böyük məsuliyyət  düşür. Azərbaycan dilinin saflığının qorunub və inkişafına töhfə vermək üçün bütün elmi bacarıqlardan və təcrübədən istifadə etmək lazımdır: 

“Bəzən elə məqamlar olur ki, həmin məqamlar bütövlükdə dilimizin korlanmasına gətirib çıxarır. Bu məqamlar Cənab Prezidentin diqqətindən kənarda qalmayıb və bu məqamlarla mübarizə aparmaq hər bir cəmiyyətin və dil daşıyıcılarının borcudur. Cənab Prezidentin vurğuladığı kimi biz dilimizi yad ünsürlərdən təmizlənmiş formada görmək istəyirik. Bu yad ünsürlərin dilimizə daxil olması onun solğunlaşması, dilimizin solğunlaşması millətin solğunlaşması, millətin solğunlaşması dövlətin solğunlaşması deməkdir. Bu proses zəncirvari xarakter daşıyır. 
Dilimizdə bu məqamlarla mübarizənin ən təsirli üsulu bədii ədəbiyyatla dostluq etməyi bacarmaqdır. Nə qədər çox bədii ədəbiyyat nümunələri oxunsa, bir o qədər də dilimiz varvar sözlərdən azad olacaqdır. 

Bu gün dünyanın müxtəlif ölkələrində əlli milyondan çox soydaşımız  yaşayır. Onlar üçün dil mayakı olmalıdır. Zəngin, təmiz, ləyaqətli şəkildə fəaliyyət göstərən bir mərkəz olmalıdır. 

Dilimizin saflığının qorunması özünü bütün sahələrdə göstərməlidir. İstər ədəbiyyatda, istər mətbuatda, istər tərcümə sahəsində, istərsə də cəmiyyətin müxtəlif sahələrində dilimizin saflığı və təmizliyi məsələsinə xüsusi diqqət və önəm verilməlidir”. 

Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksin icraçı direktoru Aqşin Bağırov çıxış edib. Qeyd olunub ki, ADU ilə əməkdaşlıq çərçivəsində yeni layihələr həyata keçirilir. 

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun filialı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində yaradılacaq. 

Filialın yaradılmasının bölgədə təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagird və gənclərin Çin dili və mədəniyyətinə marağının artırılmasına, eləcə də beynəlxalq təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. Filialın fəaliyyəti çərçivəsində Çin dilinin tədrisi, mədəniyyət proqramları, müəllim və şagird mübadiləsi, müxtəlif elmi-mədəni tədbirlərin təşkili nəzərdə tutulur.

Daha sonra Elm şöbəsinin müdiri Sevda İmanova “Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə elm və təhsil sahəsində səsləndirdiyi çağırışlar, tövsiyələri”, Elm şöbəsinin mütəxəssisi, Özbəkistan Dünya Dilləri Universitetinin doktorantı Amalya Məhərrəmzadə “Dil xalqın tarixi, milli kimliyin təyinatıdır”, doktorant Vüqar Səmədov “Sülh prosesi, enerji marşurutları və beynəlxalq nüfuz: Azərbaycanın son illərdə diplomatik xətti”,

doktorant Könül Həsənzadə “Elm və təhsil inteqrasiyası davamlı inkişaf müstəvisində : milli dil, insan kapitalı və akademik məsuliyyət”, magistr İradə Rəhmətova “Milli dilin inkişafında dövlət strategiyası” mövzularında çıxış ediblər.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az