Naxçıvan
Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində təcrübə keçəcək
Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisasları üzrə buraxılış kursu tələbələri
ilə görüş təşkil olunub.
Manset.az xəbər verir ki, görüş
zamanı nazir müavini, nazir vəzifəsini müvəqqəti icra edən Azər Məmmədrəhimov gənclərin
dövlət qurumlarında təcrübə keçməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, nazirlik
tərəfindən kadr potensialının formalaşdırılması və gənc mütəxəssislərin peşəkar
inkişafına dəstək hər zaman prioritet istiqamətlərdən biri olub. Qeyd edib ki,
müasir dövrdə rəqəmsallaşma, innovasiya və texnoloji inkişaf dövlət idarəçiliyinin
əsas hərəkətverici qüvvəsinə çevrilib və bu sahələrdə peşəkar kadrların
hazırlanması xüsusi əhəmiyyət daşıyır.
Azər
Məmmədrəhimov çıxışında vurğulayıb ki, təcrübə proqramları tələbələrin nəzəri
biliklərini real iş mühitində tətbiq etməsi, praktiki bacarıqlar əldə etməsi və
gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə başlaması baxımından mühüm
platformadır. Dövlət qurumlarında qazanılan ilkin iş təcrübəsi gənclərin peşəkar
dünyagörüşünün formalaşmasına, məsuliyyət hissinin güclənməsinə və strateji
düşünmə bacarıqlarının inkişafına mühüm təsir göstərir.
Diqqətə
çatdırılıb ki, nazirlik gənclərin təşəbbüskarlığını, yenilikçi düşüncəsini və
öyrənməyə açıq yanaşmasını yüksək qiymətləndirir və bu kimi proqramlar vasitəsilə
gələcəyin ixtisaslı kadr ehtiyatının formalaşdırılmasına töhfə verməyi
qarşısına məqsəd qoyur. O, tələbələrə müraciətlə onların təcrübə müddətindən
maksimum faydalanmalarını, sual verməkdən çəkinməmələrini, aktiv iştirak etmələrini
və qazandıqları bilikləri gələcək fəaliyyətlərində tətbiq etmələrini tövsiyə
edib.
Daha
sonra nazirliyin nümayəndələri çıxış edərək bildiriblər ki, təcrübə proqramları
gənc mütəxəssislərin peşəkar inkişafında mühüm rol oynayır. Vurğulanıb ki, tələbələr
nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlarda poçt, nəqliyyat və
telekommunikasiya sahələri, həmçinin Radio-Televiziya Ötürücü Mərkəzində
müvafiq istiqamətlər üzrə təcrübə keçəcəklər. Təcrübə müddətində onlar bu sahələrdə
tətbiq olunan iş prinsipləri ilə yaxından tanış olacaq, gündəlik fəaliyyət
proseslərində bilavasitə iştirak etməklə real iş mühitində praktiki bacarıqlar əldə
edəcəklər. Bu isə tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsinə, peşə vərdişlərinin
formalaşmasına və gələcəkdə ixtisaslı kadr kimi yetişmələrinə mühüm töhfə verəcəkdir.
Sonda
təcrübəçi tələbələr çıxış edərək görüşün onlar üçün faydalı və motivasiyaedici
olduğunu bildiriblər, göstərilən diqqət və dəstəyə görə minnətdarlıq ediblər.