Azərbaycanlı jurnalistlər Qazaxıstana səfər çərçivəsində bu ölkənin aparıcı media qurumlarından biri olan ALATAU AQPARAT Media Holdinqində görüş keçiriblər.
Manset.az xəbər verir ki, səfər çərçivəsində “Azxeber Media”nın direktoru Əfsələddin Ağalarov və Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı holdinqin fəaliyyəti ilə yaxından tanış olublar.
Görüş zamanı Azərbaycan nümayəndə heyəti ölkədə həyata keçirilən dövlət media siyasəti, söz və mətbuat azadlığının təmin olunması istiqamətində atılan addımlar, medianın iqtisadi dayanıqlığının gücləndirilməsi üçün yaradılan mexanizmlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanda media subyektlərinin institusional inkişafı, rəqəmsal transformasiyası və peşəkar kadr hazırlığı dövlət tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Baş redaktorlar bildiriblər ki, son illər Azərbaycanda media mühitinin sağlamlaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir.
Görüşdə həmçinin Türk Dünyası mediasının qlobal informasiya mühitində daha koordinasiyalı fəaliyyət göstərməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, regional gündəmlə bağlı məsələlərin beynəlxalq ictimaiyyətə düzgün və obyektiv çatdırılması üçün media qurumları arasında operativ əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Media holdinqin baş direktoru Erzhan Kalynbaiuly görüşdə çıxış edərək bildirdi ki, Qazaxıstan və Azərbaycan mediası arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Onun sözlərinə görə, rəqəmsal jurnalistika, informasiya mübadiləsi və ortaq media layihələri Türk Dünyasının informasiya məkanında inteqrasiyanı gücləndirə bilər.
Baş direktor vurğulayıb ki, media sahəsində qarşılıqlı təcrübə mübadiləsi və birgə təşəbbüslər hər iki ölkənin media mühitinin inkişafına töhfə verəcək.







