Naxçıvandan İğdıra 673 nəfər daşındı

13:55 - 07 Mart 2026

Naxçıvandan İğdıra 673 nəfər daşındı

Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi ayrılmış avtobuslarla davam etdirilir.


Bu barədə  Manset.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"Məlum olduğu kimi, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir", - deyə AYNA-dan bildirilib.

Qurumdan qeyd edilib ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.

Martın 5-dən indiyədək ümumilikdə 19 reys həyata keçirilib, 673 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Proses davam etdirilir.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texniki vasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlar həyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuz uçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biri Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib, digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülki infrastruktur obyektlərini hədəfə alıb.

Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb və məktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.

Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq, İran İslam Respublikasından vəziyyəti dərhal aydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlər görməsini tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az