Süni intellektlə bunları etsəniz - Həbs olunacaqsınız

13:33 - 12 Mart 2026

Süni intellektlə bunları etsəniz - Həbs olunacaqsınız

Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə  xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlayan və ya yayan şəxslər həbs ediləcək. 


Manset.az Modern.az-a istinadən xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin birgə iclasında müzakirə edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik haqqında qanun layihəsində əksini tapıb. 

Bildirilib ki, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma üç min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihədə o da bildirilib ki, qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlayan, həmçinin həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yaydıqları üçün üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az