ADU-da IX Beynəlxalq elmi konfrans keçirildi

17:25 - 05 May 2026

 ADU-da IX Beynəlxalq elmi konfrans keçirildi

Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” IX Beynəlxalq elmi konfrans keçirilib.


Konfransın açılışından əvvəl Azərbaycan Dillər Universitetinin kollektivi Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Konfrans  Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, “Gaudeamus” beynəlxalq tələbə himni oxunub.

Konfransı giriş sözü ilə açan ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor qeyd edib ki, ənənəvi olaraq hər il ADU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfransın əhəmiyyətindən danışan rektor bildirib ki, tədbirə maraq böyükdür:

“Bu gün biz Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. O, dahi bir lider, müdrik bir siyasətçi, xalqını və torpağını bütün varlığı ilə sevən və qoruyan bir şəxsiyyət kimi qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfransa maraq böyükdür. Beynəlxalq elmi konfransa müxtəlif xarici dövlətlərdən elm və təhsil nümayəndələri, alimlər, ziyalılar, mədəniyyət və ictimaiyyət xadimləri qatılıblar. Konfrans çərçivəsində bir sıra layihələr həyata keçiriləcək, “Heydər Əliyev və türk dünyası: tarix və müasirlik”, “Heydər Əliyev və türk dünyası: mədəni irs”, “Media və rəqəmsal məkanda mədəniyyətlərarası dialoq”, “Heydər Əliyevin sülh və tolerantlıq siyasəti”, “Cənubi Qafqazda əməkdaşlıq perspektivləri” adlı beş bölmə iclası keçiriləcək. Ulu Öndər Heydər Əliyevin işığı bu gün də bizimlədir. Konfransda iştirak edən bütün iştirakçılara təşəkkürümüzü bildiririk”.

Konfransın açılış mərasimində çıxış edən Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Burak Eke konfransın təşkilini yüksək qiymətləndirib. Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışan natiq bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı tarixə Azərbaycan dövlətçiliyinin xilaskarı, müstəqilliyi qoruyub saxlayan, inkişaf etdirən və möhkəmləndirən qüdrətli tarixi şəxsiyyət kimi daxil olub.

Yassı Universitetinin professoru Lyudmila Bejenaru konfransda iştirakı ilə bağlı məmnunluğunu ifadə edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans son dərəcə mühüm əhəmiyyətə malikdir. Qarşılıqlı elmi əməkdaşlığın və tərəfdaşlığın önəmindən danışan natiq bildirib ki, bu beynəlxalq tədbir beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm rol oynayır.

DAAD-nin ADU-da nümayəndəsi Liza Brandt konfransla bağlı fikirlərini səsləndirib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans öz əhəmiyyəti ilə seçilir. Dünyanın bir sıra ölkələrindən olan alimlər və elm xadimləri bu konfransda iştirak etmək üçün ciddi şəkildə hazırlaşıblar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və dövlətçilik fəaliyyəti milli maraqlara sədaqətin və güclü dövlətçilik ideyalarının bariz nümunəsidir. O qeyd edib ki, Ulu Öndər cəmiyyətin bütün sahələrini əhatə edən strateji qərarlar qəbul edərək ölkənin iqtisadi gücünün artmasına və xalqın rifahının yüksəlməsinə şərait yaradıb.

Konfransda millət vəkilləri Sevinc Fətəliyeva, Arzu Nağıyev, ADU-nun Pakistan dili və Mədəniyyət Mərkəzinin müdiri Mahmud Athar, DİN-in Polis Akademiyasının İctimai elmlər kafedrasının rəisi, polis polkovniki Rəhim Məcnunov, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin Beynəlxalq Əməkdaşlıq Məsələləri üzrə prorektoru Abdurəhim Nasirov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Azərbaycan Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov, Azərbaycan Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina çıxış edərək bildiriblər ki, ADU-da Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfransın ənənəvi olaraq keçirilməsi ölkəmizin elmi və mədəni mühitinin beynəlxalq aləmdə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışan çıxışçılar bildiriblər ki, onun siyasi və dövlətçilik fəaliyyəti tariximizin ən parlaq səhifələrindəndir.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az