Fransanın paytaxtı Parisdə sabahdan noyabrın 2-dək qismən komendant saatının tətbiq olunacağı bildirilib.
Manset.az xarici mediya istinadən xəbər verir ki, həftəsonu Parisdə həmkarlar ittifaqlarının da dəstəyi ilə “Sarı jiletlilər” hərəkatının etiraz aksiyaları keçirməsi gözlənildiyindən, yerli hakimiyyət orqanları mümkün zorakılıq və talan hallarının qarşısını almaq məqsədilə yeni qərarlar qəbul edib.
Paris Polis İdarəsinin yaydığı məlumata əsasən, sabahdan noyabrın 2-dək paytaxtda yerli vaxtla saat 23:00-dan 06:00-dək qismən komendant saatı tətbiq olunacaq.
Məhdudiyyətlər paytaxtın Respublika meydanı və Halles ərazisini əhatə edəcək.
Həmkarlar ittifaqları “Sarı jiletlilər”lə birlikdə artan yaşayış xərclərinə etiraz olaraq sabah Parisdə Bastiliya və Konkord meydanları arasında aksiya keçirməyi planlaşdırırdı. Lakin həmin marşrut üzrə nümayişin ictimai asayişin pozulması təhlükəsi yaratdığı əsas gətirilərək aksiyanın keçirilməsi qadağan edilib.
Bildirilib ki, sözügedən etiraz aksiyasının sabah yerli vaxtla saat 12:00-dan 18:00-dək Parisin Banjole və Şarenton şəhər girişləri arasında keçirilməsinə icazə verilə bilər.