Əhalinin
məşğulluq imkanlarını genişləndirmək, işsiz və işaxtaran şəxslərin müasir əmək
bazarının tələblərinə uyğun peşə bilik və bacarıqlarına yiyələnməsinə şərait
yaratmaq və onların enerji sektorunda uzunmüddətli və dayanıqlı məşğulluğunu
təmin etmək məqsədilə “Azərişıq” ASC və Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi birgə məşğulluq
layihəsi icra edir.
Manset.az xəbər verir ki, birgə əməkdaşlıq
çərçivəsində Dövlət
Məşğulluq Agentliyində işsiz və ya işaxtaran şəxs kimi qeydiyyatda olan vətəndaşlar
müsahibə və seçim mərhələsindən
uğurla keçdikdən sonra “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində
peşə hazırlığı üzrə xüsusi təlim proqramına cəlb olunurlar.
Təlim müddətində
iştirakçılar nəzəri biliklərlə yanaşı, “Azərişıq” ASC-nin infrastruktur
obyektlərində və xidmət sahələrində real məşğələlərə cəlb olunaraq paylayıcı
elektrik şəbəkələrinin istismarı, qurğu və avadanlıqların iş prinsipləri,
texniki təhlükəsiz qaydaları, elektrik enerjisinin uçotu, abonentlər iş və
digər mövzularda praktiki vərdişlər də əldə edirlər.
Artıq layihə
çərçivəsində təlimləri müvəffəqiyyətlə başa vurmuş bir qrup şəxs “Azərişıq”
ASC-nin müvafiq struktur bölmələrində vakant vəzifələrə işə qəbul olunmuşlar.
Layihənin uğurlu nəticələri nəzərə alınaraq, gələcəkdə daha
çox işsiz və işaxtaran şəxsin təlim proqramlarına cəlb edilməsi, müxtəlif peşə
istiqamətləri üzrə yeni təlimlərin təşkili, eləcə də layihənin işğaldan azad
olunmuş ərazilər də daxil olmaqla ölkənin müxtəlif regionlarını əhatə edəcək şəkildə
mərhələli genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq.