“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Göygöl rayonunda üç gün davam edən səyyar tibbi müayinə aksiyası keçirilib.
Manset.az xəbər verir ki, “AzerGold” QSC və RİİB-in fəaliyyətinin 10
illiyi çərçivəsində təşkil olunan aksiya Göygöl rayonunun Tülallar, Zurnabad,
Topalhəsənli və Gəncə kəndlərinin, eləcə də rayonun digər yaşayış məntəqələrinin
sakinlərini əhatə edib. Aksiyanın ilk günü şəhid ailələrinin üzvləri, qazilər və
müharibə iştirakçılarına həsr olunub.
Peşəkar həkim briqadası tərəfindən ümumilikdə
436 rayon sakininə tibbi xidmət göstərilib. Sakinlər oftalmoloq, terapevt,
otorinolarinqoloq (LOR), endokrinoloq, kardioloq, nevroloq, pediatr və ümumi cərrah
müayinələrindən keçməklə yanaşı, ultrasəs müayinəsi (USM), exokardioqrafiya
(EXO), elektrokardioqrafiya (EKQ), qanın və sidiyin ümumi analizi, qanda virus
hepatitlərinin təyini, ambulator arterial təzyiq monitorinqi və qanda şəkər səviyyəsinin
müəyyən edilməsi kimi diaqnostik xidmətlərdən də ödənişsiz yararlanıblar.
Aksiya çərçivəsində ilk dəfə olaraq rayon
sakinlərinə müasir diaqnostik avadanlıqlarla təchiz edilmiş səyyar oftalmoloji
klinikada da xidmət göstərilib. Burada ümumi göz müayinəsi, görmə
diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün müəyyənləşdirilməsi
və digər ixtisaslaşmış oftalmoloji xidmətlər həyata keçirilib.
Ümumilikdə aksiya müddətində rayon sakinlərinə
2 527 tibbi xidmət göstərilib. Müayinələr zamanı müxtəlif xəstəlik və sağlamlıq
problemləri aşkarlanan vətəndaşlara müvafiq müalicə təyin olunub, əlavə müayinə
və ixtisaslaşmış tibbi yardıma ehtiyacı olan şəxslərə isə aidiyyəti tibb müəssisələrinə
müraciət etmələri tövsiyə edilib.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən 2021-ci ildən etibarən mütəmadi olaraq həyata keçirilən səyyar tibbi müayinə aksiyalarının əsas məqsədi ucqar yaşayış məntəqələrində yaşayan əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik müayinə mədəniyyətinin təşviqidir. Bu günədək keçirilmiş aksiyalar çərçivəsində ümumilikdə 2 936 nəfər sakinə 11 890 tibbi xidmət göstərilib.