Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasında (AHİK) Qırğızıstan Həmkarlar İttifaqları
Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsinin nümayəndələri
ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşdə Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əmək hüquqlarının müdafiəsi,
üzvlərin sağlamlığının qorunması və istirahətinin təşkili istiqamətində həyata
keçirilən tədbirlərdən danışılıb, yollayışların "E-AHİK" Elektron
Rezervasiya Sistemi vasitəsilə üzərindən verilməsi mexanizmi, Konfederasiyanın "Kurort"
Turizm İnformasiya Mərkəzinin, eləcə də Turizm və Ekskursiyalar Şurasının fəaliyyətindən
bəhs olunub.
Qonaqlara "Kurort"
Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyəti, sağlamlıq və istirahət mərkəzlərində
yenidənqurma və rəqəmsallaşdırma istiqamətlərində görülən işlər haqqında məlumat
verilib.
Qırğızıstan Həmkarlar
İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsinin
baş direktoru Kubanıçbek Kanıbekov səfər çərçivəsində Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sağlamlıq və istirahət mərkəzlərində yaradılmış
şərait, tətbiq olunan idarəetmə mexanizmləri və göstərilən xidmətlərlə yaxından
tanış olduqlarını, əldə etdikləri təcrübənin faydalı olduğunu bildirib.
Sonra Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının tabe təşkilatı "Kurort" QSC ilə
Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı
Turizmi" Müəssisəsi arasında sanatoriya-kurort və turizm sahəsində əməkdaşlığa
dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum tərəflər
arasında təcrübə mübadiləsini, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə
təşəbbüslərin həyata keçirilməsini və sanatoriya-kurort, eləcə də turizm sahəsində
əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.