Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə məhsulları təchizatçılarından olan "Avromed Company" MMC 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib.
Manset.az xəbər verir ki, jurnalistlərin peşə bayramına həsr olunan tədbir Azərbaycan Milli Təbabət Muzeyinə info-turla başlayıb. Muzey ziyarəti zamanı media nümayəndələri Azərbaycanın zəngin tibb tarixi, təbabət ənənələri və bu sahənin inkişaf mərhələlərini əks etdirən eksponatlarla tanış olublar.
Daha sonra media nümayəndələri üçün sağlamlıq və gözəllik sahəsində aktual mövzulara həsr olunan iki təqdimat keçirilib.
Tədbirin açılışında çıxış edən şirkət nümayəndələri jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edərək, cəmiyyətin səhiyyə sahəsində düzgün maarifləndirilməsində medianın rolunu yüksək qiymətləndiriblər. Qeyd olunub ki, sağlamlıqla bağlı dəqiq, balanslı və etibarlı informasiyanın ictimaiyyətə çatdırılması media ilə peşəkar əməkdaşlığın vacibliyini daha da artırır.
İlk təqdimatda bioloji aktiv qida məhsulları (BAQM) ilə dərman vasitələri arasındakı əsas fərqlər, bu məhsulların təyinatı, istifadəsi, qanunvericiliklə tənzimlənməsi və beynəlxalq istehsal standartları barədə məlumat verilib. Bildirilib ki, BAQM-lar orqanizmin qida rasionunu dəstəkləmək məqsədi daşıyır və dərman vasitələrini əvəz etmir. Təqdimat zamanı GMP (Good Manufacturing Practice) standartlarının məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, eləcə də istehlakçıların düzgün məlumatlandırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Daha sonra şirkətin nümayəndəsi Səbinə Dadaşova qlobal beauty sənayesində formalaşan yeni tendensiyalar və elmi yanaşmanın əhəmiyyəti barədə təqdimatla çıxış edib. Bildirilib ki, müasir istehlakçılar artıq yalnız vizual effekt və marketinq vədlərinə deyil, klinik effektivliyi sübut olunmuş, təhlükəsiz və elmi əsaslandırılmış məhsullara üstünlük verirlər.
Təqdimat zamanı Avromedin dermatoloji və selektiv kosmetika portfeli haqqında da məlumat verilib. Qeyd olunub ki, şirkət dermatoloji məhsullar seqmentində Pharmaceris, BABÉ və Uriage, selektiv kosmetika istiqamətində isə Clinique, Darphin, Dr.Jart+, The Ordinary və Origins kimi beynəlxalq brendlərin Azərbaycandakı rəsmi təchizatçılarındandır. Həmçinin bu məhsulların istehlakçılar üçün əlçatanlığının təmin edilməsində şirkətin tərəfdaşı olan "Aloe+" apteklər şəbəkəsi ilə əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Təqdimatlardan sonra keçirilən sual-cavab sessiyasında jurnalistləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı qlobal sağlamlıq və beauty trendləri, məhsul portfelinin formalaşdırılması prinsipləri, beynəlxalq keyfiyyət standartları və istehlakçı maarifləndirilməsi ilə bağlı suallar şirkət nümayəndələri tərəfindən cavablandırılıb. Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən “Avromed Company” MMC Azərbaycanda əczaçılıq sektorunun inkişafına töhfə verən aparıcı distribüter şirkətlərdən biridir. Şirkət dünyanın 40-dan çox ölkəsindən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə üzrə aptek, klinika və xəstəxanaları fasiləsiz olaraq sağlamlıq məhsulları ilə təmin edir. Avromed müasir logistika şəbəkəsi və keyfiyyətli məhsulları ilə bazarda etibarlı lider kimi tanınır.