logo
logo logo
logo

Tramp Azərbaycanla bağlı məqaləni sosial şəbəkədə paylaşdı - FOTO

11:46 - 04 Sentyabr 2026

Tramp Azərbaycanla bağlı məqaləni sosial şəbəkədə paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkoffun Azərbaycan-Ermənistan sülh prosesinə həsr olunmuş məqaləsini sosial şəbəkə hesabında paylaşıb.



Manset.az xəbər verir ki, söhbət Uitkoffun avqustun 10-da “Washington Examiner” nəşrində dərc olunan “Tramp dondurulmuş münaqişəni necə sülh modelinə çevirdi?” sərlövhəli məqaləsindən gedir. Tramp sentyabrın 3-də məqalənin keçidini “Truth Social” hesabında yayımlayıb.

Uitkoff məqaləsində Azərbaycan və Ermənistan arasında sülh prosesində ABŞ Prezidenti Donald Trampın rolundan bəhs edib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhə dair Birgə Bəyannamənin imzalanmasından bir il ötür və bu razılaşma 35 ildən artıq davam edən qarşıdurmaya son qoymaq istiqamətində mühüm dönüş yaradıb.

“Prezident Tramp əvvəlki yanaşmaların sərhədlərini aşaraq Azərbaycan və Ermənistan arasında sülhü prioritetə çevirdi”, - Uitkoff bildirib.

ABŞ Prezidentinin xüsusi elçisinin sözlərinə görə, Vaşinqtonun Bakı ilə bu istiqamətdə fəal təmasları onun 2025-ci ilin martında Azərbaycana səfərindən başlayıb.

Uitkoff bildirib ki, ilk təmaslardan sonra ABŞ-Azərbaycan münasibətlərinə əvvəlki dövrlərdə lazımi səviyyədə diqqət ayrılmadığı qənaətinə gəliblər. Onun sözlərinə görə, Tramp administrasiyasının xarici siyasət yanaşması uzunmüddətli münaqişələrin həlli üçün tərəflərlə birbaşa işləməyi nəzərdə tutur.

Uitkoff Əliyevin rolunu yüksək qiymətləndirib

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin sülh prosesindəki roluna da xüsusi yer ayrılıb.

Uitkoff İlham Əliyevi sülh naminə çətin, lakin zəruri addımlar atmağa hazır olan güclü və qətiyyətli lider kimi xarakterizə edib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti həm ölkəsinin maraqlarını, həm də regional sabitliyin daha geniş çərçivəsini anlayan lider təsiri bağışlayıb.

“Bu səfər komandamızı irəliləyişin mümkün olduğuna inandırdı”, - Uitkoff yazıb.

Naxçıvana maneəsiz keçid və TRIPP

ABŞ Prezidentinin xüsusi elçisi Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsini danışıqlarda əsas praktiki məsələlərdən biri kimi göstərib.

Uitkoff qeyd edib ki, bu məsələ uzun müddət “bir tərəfin qazancının digər tərəfin itkisi” kimi qəbul edilən yanaşma əsasında qiymətləndirilib. Onun fikrincə, həll üçün yeni düşüncə, kreativ yanaşma və siyasi liderlik tələb olunurdu.

O bildirib ki, nəticədə ABŞ və Ermənistan arasında Ermənistan ərazisindən keçəcək maneəsiz multimodal nəqliyyat marşrutlarının yaradılmasını nəzərdə tutan TRIPP konsepsiyası ortaya çıxıb.

Uitkoff vurğulayıb ki, layihə Ermənistanın ərazi bütövlüyü və suverenliyinə tam hörmət prinsipi əsasında həyata keçirilməlidir.

“Tramp nümayişkaranə prosesdən daha çox praktik nəticələrə üstünlük verdi və bu yanaşma özünü doğrultdu”, - xüsusi elçi qeyd edib.

Uitkoffun sözlərinə görə, son bir il ərzində ABŞ əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün həm Azərbaycan, həm də Ermənistanla əməkdaşlıq edib.

O, TRIPP marşrutunun gələcəkdə Xəzər dənizi ilə əlaqələndiriləcəyini gözlədiyini, bu konsepsiyanın Yaxın Şərqdə də tətbiq imkanlarının yarana biləcəyini bildirib.

Uitkoff məqaləsinin sonunda qeyd edib ki, Cənubi Qafqaz hazırda daha təhlükəsiz və sabit regiona çevrilib.

Onun fikrincə, buna səbəb Donald Tramp, İlham Əliyev və Nikol Paşinyanın ritorikadan daha çox konkret nəticələrə üstünlük verməsidir.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və ABŞ-ın 2026-cı ilin avqustunda yaydığı birgə bəyanatda da 8 avqust 2025-ci ildə Ağ Evdə keçirilmiş görüşün sülh prosesində yaratdığı nəticələr vurğulanıb.


1545557


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az