logo
logo logo
logo

Plan yerləri ilə bağlı DİM sədrindən AÇIQLAMA

21:49 - 04 Sentyabr 2026

Plan yerləri ilə bağlı DİM sədrindən AÇIQLAMA

“Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb. Beləliklə, 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb. Yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97.71%-i dolub, cəmi 1393 plan yeri – təxminən 2%-i boş qalıb”.


Manset.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.

“İndi isə gəlin nəticələrə ayrı-ayrı ixtisas qrupları üzrə baxaq.

I ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 97.34%-i dolub və 528 yer boş qalıb.

II ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 98.87%-i dolub və 180 yer boş qalıb.

III ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra plan yerlərinin 99,87%-i dolub və cəmi 20 yer boş qalıb. Boş qalan yerlərin müsabiqəsində iştirak etmək üçün tələb olunan qəbul balı 600 və daha yüksək idi. İlk yerləşdirmə mərhələsində bu baldan çox nəticə göstərən abituriyentlər artıq ali təhsil müəssisələrinə qəbul olunduğu və həmin yerləri seçə biləcək əlavə abituriyentlər olmadığından bu yerlər müsabiqəyə çıxarılmayıb və boş qalıb.

IV ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 92.38%-i dolub və 383 yer boş qalıb.

V ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 93.84%-i dolub və 282 yer boş qalıb. Nəzərə almaq lazımdır ki, bu qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız müvafiq qabiliyyət imtahanının şərtlərini ödəyən abituriyentlər iştirak edə bilirlər”, - deyə o əlavə edib.

DİM sədrinin sözlərinə görə, ümumi mənzərəyə baxdıqda qəbul planının yüksək səviyyədə dolduğunu görürük.

Tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri 100%, 4-də plan 99%, 4-də isə 98% dolub. Ümumilikdə 34 ali təhsil müəssisəsində dolma göstəricisi 95%-dən yüksəkdir. Bu rəqəmlər həm abituriyentlərin ixtisas seçimində davranışını, həm ayrı-ayrı ixtisas qruplarında rəqabət səviyyəsini, həm də mövcud plan yerləri ilə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı arasındakı fərqi aydın göstərir:

“Xüsusilə əlavə yerləşdirmə zamanı boş plan yerinin olması heç də həmin yerin mütləq dolacağı anlamına gəlmir. Abituriyentin müsabiqə şərtlərini ödəməsi və həmin ixtisası seçmək hüququnun olması da əsas şərtdir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az