logo
logo logo
logo

Valideynin təhsili uşağı 4 il qabağa keçirir – NAZİR 

16:02 - 09 Sentyabr 2026

Valideynin təhsili uşağı 4 il qabağa keçirir – NAZİR 

Valideynlərin təhsil səviyyəsi ilə övladlarının akademik nəticələri arasında ciddi əlaqə var.

 

Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-yə müsahibəsində PISA-2025 beynəlxalq qiymətləndirməsinin nəticələrindən danışarkən bildirib.

Nazirin sözlərinə görə, valideynin təhsil səviyyəsi yüksəldikcə şagirdin riyazi savadlılıq üzrə orta göstəricisi də artır.

Belə ki, orta təhsilini başa vurmayan valideynlərin övladlarının nəticəsi 391 bal olduğu halda, ali təhsilli valideynlərin uşaqlarında bu göstərici 475 bala çatır. Qruplar arasında 84 ballıq fərq var.

E.Əmrullayev PISA qiymətləndirməsində 20 balın təxminən bir tədris ilinə uyğun gəldiyini nəzərə çatdıraraq, nəticələr arasındakı fərqin dörd tədris ilinə bərabər olduğunu söyləyib:

“Valideynin savadlılıq səviyyəsi evdə şagirdin dəstəklənməsi deməkdir. Ali təhsilli Azərbaycan vətəndaşlarının sayı artdıqca uzunmüddətli perspektivdə təhsil nəticələrimiz də yaxşılaşacaq. Çünki onlar gələcəkdə valideyn olur və öz övladlarının təhsilinə dəstək verirlər”.

Nazir vurğulayıb ki, bu nəticələr fərdlər haqqında hökm vermir və orta statistik göstəricilərə əsaslanır. Onun sözlərinə görə, konkret ailələrdə vəziyyət fərqli ola bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az