İsmayıllı rayonu Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Araşdırmalar zamanı ilkin şübhəli qida məhsulları kimi buğlama və düyü müəyyən edilib. Həmin məhsullardan, istehlaka təqdim olunan digər qidalardan, eləcə də zərərçəkən şəxslərdən laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək analizə cəlb olunub.
Laborator müayinələrin nəticələrinə əsasən, bişmiş düyü nümunəsində Bacillus cereus, zərərçəkən şəxslərdən götürülmüş nümunələrdə isə Staphylococcus aureus və Escherichia coli (bağırsaq çöpü) bakteriyaları aşkarlanıb.
Staphylococcus aureus normal hallarda dəri və selikli qişa mikroflorasında mövcud olan bakteriyadır. Termiki emaldan keçmiş hazır qida məhsullarında bu bakteriyanın aşkar olunması həmin məhsulların hazırlanması və ya sonrakı mərhələdə sanitariya-gigiyena tələblərinin pozulduğunu, o cümlədən çarpaz çirklənmənin baş verdiyini və ya saxlanma şəraitinə riayət edilmədiyini göstərir.
Qeyd edək ki, toy məclisində istehlak olunan qidalar ev şəraitində hazırlanıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 40 nəfər zərər çəkib.