“Şəhərsalma və
Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası təşkil
olunub.
Manset.az xəbər verir ki, Şamaxı "ASAN Həyat"
kompleksində baş tutan tədbir ASAN könüllülərinin “Yaşıl ASAN” ekoloji
proqramının, IDEA İctimai Birliyinin və “Azərsun Kağız və Karton İstehsalat
Korporasiyası”nın birgə təşkilatçılığı ilə keçirilib.
Məqsəd kağız
tullantılarının təkrar emalını təşviq etməklə ağacların qorunmasına, təbiətin
mühafizəsinə və ekoloji balansın saxlanılmasına dəstəkdir.
Tədbirdə Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şamaxı Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Məmmədov, müxtəlif rayonların ictimaiyyət nümayəndələri və digər
qonaqlar iştirak ediblər.
Aksiyada 200 tondan
çox kağız tullantıdan hazırlanmış “Yaşıl dağ” təqdim edilib. Burada ASAN
könüllülərinin və məktəblilərin tullantılardan hazırladığı əl işləri və mədəniyyət
guşəsi nümayiş etdirilib, eləcə də müxtəlif musiqi nömrələri səsləndirilib.
7-ci “Yaşıl dağ”
ekoloji-sosial aksiyasına Azərbaycanın 30-dan çox şəhər və rayonundan olan idarə
və təşkilatlar, vətəndaşlar, məktəblilər qoşulublar.
Proqram çərçivəsində
11 il ərzində 2400 tondan çox kağız tullantısı təkrar emala göndərilib və nəticədə
40.800-dən çox ağacın kəsilməsinin qarşısı alınıb, 600-dən çox ekoloji istiqamətdə
layihə, 200-dən çox təmizlik və ağacəkmə aksiyası baş tutub.