Qəsdən adam öldürməyə cəhdə təqsirləndirilən Nicat Rəhimzadənin (soyadı şərtidir - red.) barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manset.az Pravda.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, müttəhimə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama əsasən, hadisə bu il saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binalarının birinin qarşısında baş verib.
Belə ki, Nicat Rəhimzadə həmin ərazidə yüksək səslə nalayiq ifadələr işlədərək, binanın sakinlərinin və digər şəxslərin dincliyini nümayişkaranə şəkildə pozub. Binada yaşayan Rəvan Məmmədov (soyadı şərtidir - red.) ailə üzvlərinin və digər insanların narahatlığını aradan qaldırmaq məqsədilə təqsirləndirilən şəxsə irad bildirib, ondan qanunsuz hərəkətlərinə son qoymasını tələb edib.
Bundan əlavə, onun hərəkətlərinin qarşısını almaq məqsədilə Nicatın qolundan tutaraq yaşayış binasının daxilinə çəkməyə çalışıb. Bundan sonra vəziyyət daha da gərginləşib.
Təqsirləndirilən şəxs Rəvanın ictimai borcunu yerinə yetirməsinə mane olmaq və bu hərəkətinə görə ondan qisas almaq niyyəti ilə üzərində gəzdirdiyi məişət bıçağını çıxarıb. O, Rəvanın həyat üçün mühüm orqanların yerləşdiyi döş qəfəsinin ön səthinə bir dəfə zərbə endirib. Nəticədə Rəvanın döş qəfəsinin ön səthində deşilmiş-kəsilmiş yara əmələ gəlib. Həmin xəsarət ürək və ağciyərin zədələnməsi ilə müşayiət olunub və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilib.
Hadisə zamanı ərazidə olan digər şəxs münaqişəyə müdaxilə edib. O, təqsirləndirilən şəxsin əlindəki bıçağın tiyəsindən tutaraq onu saxlamağa nail olub və növbəti zərbələrin endirilməsinin qarşısını alıb. Bundan sonra Rəvan hadisə yerindən uzaqlaşaraq yaşadığı mənzilə qalxıb. Ailə üzvləri və qonşuları ona ilkin tibbi yardım göstərərək qanaxmanı dayandırmağa çalışıblar.
Hadisə yerinə qısa müddət ərzində təcili tibbi yardım briqadası gəlib və yaralı şəxs xəstəxanaya çatdırılıb. Burada onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Vaxtında göstərilən ilkin tibbi yardım və həyata keçirilən cərrahi müdaxilə nəticəsində Rəvanın həyatı xilas edilib.
Hadisədən sonra Nicat Rəhimzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onun əməli qəsdən adam öldürməyə cəhd kimi tövsif olunub.
Məhkəmədə dindirilən Nicat Rəhimzadə ittiham üzrə özünü qismən təqsirli bilib.