Azərbaycanda pulsuz hüquqi yardım xidmətinin əlçatanlığının artırılması, xüsusilə regionlarda və ucqar kəndlərdə yaşayan vətəndaşların hüquqi müdafiə imkanlarının genişləndirilməsi təklif olunur.
Manset.az xəbər verir ki, bu məsələ Milli Məclisdə "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsinin müzakirəsi zamanı gündəmə gətirilib.
Millət vəkili Əli Məsimli regionlarda vəkillərin sayının az olmasına diqqət çəkərək, kənd və ucqar yaşayış məntəqələrində fəaliyyət göstərən hüquqşünaslar üçün stimullaşdırıcı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, müasir elektronlaşma və rəqəmsallaşma imkanlarından istifadə etməklə hüquqi xidmətlərin coğrafiyasını genişləndirmək, mövcud çatışmazlıqları qismən aradan qaldırmaq mümkündür.
Deputatın fikrincə, xüsusilə regionlarda və kəndlərdə çalışan vəkillərə əlavə güzəştlərin və təşviq mexanizmlərinin tətbiqi onların bu ərazilərdə fəaliyyətə marağını artıra bilər.
Müzakirələrdə hüquqi yardıma ehtiyacı olan, lakin maddi imkanı məhdud şəxslərin müdafiəsinin təmin edilməsi də əsas məsələlərdən biri olub.
Millət vəkili Nigar Məmmədova qeyd edib ki, maddi çətinlik heç bir vətəndaşın hüquqi müdafiə imkanlarını məhdudlaşdırmamalıdır. Bu baxımdan, imkansız şəxslərin hüquqlarını səmərəli şəkildə müdafiə edə bilməsi üçün vahid mexanizmin yaradılmasının əhəmiyyəti vurğulanıb.
Çıxışlarda pulsuz hüquqi yardım üçün müraciət edən vətəndaşlardan tələb olunan sənədləşmə məsələsinə də toxunulub. Bildirilib ki, dövlət informasiya sistemlərinin inteqrasiyası gücləndirilərsə, vətəndaşlardan müxtəlif məlumatların təkrar-təkrar toplanmasına ehtiyac azalacaq.
Təklif olunan yanaşmaya əsasən, elə bir sistem qurulmalıdır ki, vətəndaş vaxtını zəruri sənədləri əldə etməyə deyil, hüquqlarının müdafiəsinə sərf etsin. Bu, eyni zamanda, vəkillərin əməyinin daha obyektiv qiymətləndirilməsinə və hüquqi yardımın keyfiyyətinin yüksəldilməsinə də şərait yarada bilər.
Müzakirələrdə səsləndirilən fikirlərin əsas məqsədi maddi vəziyyətindən və yaşadığı ərazidən asılı olmayaraq hər kəsin keyfiyyətli hüquqi yardıma çıxışını təmin etməkdir.